BDU-da təhsil onlayn formada uğurla davam edir

BDU-da təhsil onlayn formada uğurla davam edir

10 Aprel 2020 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkədə koronavirusla (COVID-19) bağlı əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Bakı Dövlət Universitetində (BDU) təhsil onlayn (məsafədən) formada həyata keçirilir.

Oxuməni.az-a BDU-dan verilən məlumatda bildirilib ki, tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır.

Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. BDU-da həmin gündən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən çox istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər martın 31-dək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. Mart 29-31-də “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, aprelin 1-dən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.

Vurğulanıb ki, hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən çox aktiv istifadəçisinin yararlandığı platformada bu günədək 8 minə yaxın dərs keçirilib. Gündəlik dərslərin sayı orta hesabla min, istifadəçilərin sayı isə 10 mindir. Platforma BDU tələbələrinin 80 faizini əhatə edir.

Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən 20 əməkdaşından ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoqeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirələri yenidən izləmək imkanı yaradır.

Oxuməni.az