Azərbaycanda bu il "Formula 1" yarışının keçirilib- keçirilməyəcəyi məlum deyil
"Formula 1" üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər.
Oxuməni.az "Auto Motor und Sport" nəşrinə istinadən xəbər verir ki, trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə vaxt lazımdır, üstəlik ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir. Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Monako mərhələsi mayın 23-də olmalıdır. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə "Formula 1" yarışının keçirilməsi üçün zəmin yarada bilər.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva öz növbəsində Report-a açıqlamasında onlarda belə rəsmi məlumatın olmadığını bildirib. Bununla yanaşı o, əlavə edib ki, yarışla bağlı hazırlığa başlanılmayıb. Quliyevanın sözlərinə görə, hazırlıq işlərinə karantindən sonra start veriləcək: "Formula-1" təqvimi açıqlayıb və elan olunub ki, Azərbaycan Qran-prisinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. Kanadadakı yarış isə 11-13 iyuna təyin edilib. 2020-ci ildə Azərbaycandakı yarış koronavirusa görə ləğv edilib.
Oxuməni.az