Azərbaycan millisi UEFA Millətlər Liqasında son oyununu keçirib

Azərbaycan millisi UEFA Millətlər Liqasında son oyununu keçirib

18 Noyabr 2020 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan yığması UEFA Millətlər Liqasında son oyununu keçirib.

Oxuməni.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan milli komanda VI tur qarşılaşmasında Lüksemburqun qonağı olub. "Jozi Bartel" stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 0:0.

Hər iki komanda meydana itkilərlə çıxıb. Lüksemburq yığmasında Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxıblar. Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayıb. Görüş öncəsi isə meydan sahiblərindən qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeş, qonaqlardan isə kapitan Maksim Medvedevin COVID-19 testi müsbət nəticə verib. Nəticədə onlar da qarşılaşmada iştirak etməyiblər.

İtkilər fonunda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi qapıda Şahruddin Məhəmmədəliyevə, müdafiədə Anton Krivotsyuk, Elvin Bədəlov, Bədavi Hüseynov, Amin Seydiyevə, yarımmüdafiədə Azər Salahlı, kapitan Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəllimova, hücumda isə Mahir Emreli və Ramil Şeydayevə şans verib.

İlk yarı meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bir neçə epizodda Məhəmmədəliyev komandasını qoldan xilas edib. İlk yarının sonlarında Hüseynov zədələnərək, yerini Şəhriyar Əliyevə verib. Əliyev isə fasilə ərəfəsində kobud oynadığı üçün penaltiyə səbəbkar olub. Xoşbəxtlikdən, Məhəmmədəliyev Danel Sinaninin zərbəsini dəf etməyi bacarıb.

İkinci hissədə qonaqlar fəallığını artırıb. Lakin tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib - 0:0.

Beləliklə, Azərbaycan millisi ardıcıl dördüncü matçından qolsuz heç-heçə ilə ayrılıb. Daha əvvəl bu komanda Kipr və Monteneqro ilə Millətlər Liqasının oyunlarında, Sloveniya ilə isə yoldaşlıq görüşündə 0:0 hesablı nəticə ilə kifayətlənib.

De Byazinin baş məşqçi olduğu kollektiv qrupu 6 xalla 3-cü pillədə başa vurub. Monteneqro 13 xalla 1-ci, Lüksemburq 10 xalla 2-ci, Kipr isə 4 xalla sonuncu olub.

Murad Şahməmmədov