"Qarabağ" İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq

"Qarabağ" İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq

22 Oktyabr 2020 08:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

Oxuməni.az xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq. "Blumfild" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən "Makkabi"yə qarşı oynamayacaq.

Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın “Sileks” (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq, Avropa Liqasının pley-ofuna düşüb. Burada isə Polşa "Legiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.

"Qarabağ" kimi "Makkabi" də Avropa Liqasının qrupuna ÇL-dən gəlib. I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litva "Suduva"sı (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa Avropa Liqasının qrupuna vəsiqə əldə edib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. "Makkabi" (Təl-Əviv, israil) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Con Biton, Frensis Konor, Daniel Makfarlan, Euan Anderson

Tel-Əviv, "Blumfild" stadionu

Qeyd edək ki, qrupun digər oyununda "Vilyarreal" evdə Türkiyə "Sivasspor"unu qəbul edəcək.

Oxuməni.az