AFFA "Qarabağ"a görə UEFA-ya müraciət edərək erməni təxribatına yol verməməyi xahiş edib
AFFA Polşada “Legiya” və “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının pley-off oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu addım son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alınaraq atılıb.
Müraciətdə Avropa Liqasında qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.
Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Oxuməni.az