VİDEO-Qazaxıstan himnini erotik mahnı əvəz etdi

VİDEO-Qazaxıstan himnini erotik mahnı əvəz etdi

24 Mart 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya çempionatının mükafatlandırma mərasimində qalmaqal yaşandı

Küveytdə keçirilən atıcılıq üzrə dünya çempionatında qəribə bir hadisə baş verib. Fəxri kürsüyə qalxan qazaxıstanlı dünya çempionu bayraq qaldırılarkən himn əvəzinə fahişələr haqqında mahnını dinləməli olub. Lenta.ru-nun məlumatına görə, mükafatlandırma mərasimində Qazaxıstan himninin yerinə "Borat" filmindəki sauntrek səsləndirilib. Mahnının sözlərində "xalis qazax fahişələrindən" və "özbək kütbaşlarından" bəhs olunur.

Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı Küveyt əmiri Sabah əl Əhməd əl Sabahın təşkilatçılığı ilə keçirilir. Qəribədir ki, çempionatda "Borat" filmindən musiqili parça səsləndirildiyi halda, bu ölkədə həmin kinonun nümayişi qadağandır.

Xatırladaq ki, 2006-cı ildə britaniyalı rejissor Saşa Baron Koen tərəfindən ekranlaşdırılmış "Borat" filmində uydurma qazax jurnalisti Borat Saqdiyevin macəralarından bəhs olunur. Müəllif jurnalistin dili ilə Orta Asiyada, əsasən Qazaxıstanda kök salmış neqativ halları istehza obyektinə çevirib. O da maraqlıdır ki, rəsmi Astana ilk əvvəl bu hala qarşı çıxsa da, sonradan dünya çempionatında yaşanmış hadisəni gülüşlə qarşıladı. Belə ki, adıçəkilən film Qazaxıstana səfər edən turistlərin sayının 5 dəfə artmasına səbəb olub. Bu ekran əsəri dünya üzrə 260 milyon ABŞ dolları gəlir əldə edib və növbəti hissələrinin çəkilişi planlaşdırılır.

Hər ölkə bir özəlliyi ilə məşhurdur...

Aqil Hüseynov

O.M.