Çempionlar Liqasında "Liverpul" möcüzəsi: " Barselona" üzərində inanılmaz qələbə

Çempionlar Liqasında "Liverpul" möcüzəsi: " Barselona" üzərində inanılmaz qələbə

8 May 2019 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Çempionlar Liqasınin yarımfinal mərhələsinin "Barselona" ilə evdə keçirilən cavab oyununda İngiltərənin "Liverpul" komandası dünyanın futbol tarixində yüz illər sonra əfsanə kimi xatırlanacaq möcüzəyə imza atıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə alman baş məşqçi Yurgen Kloppun komandası yarımfinalda İspaniya "Barselona"sı ilə görüşü yüksək səviyyədə keçirib. Bir həftə əvvəl Barselonada eyni adlı kluba 0:3 hesabı ilə məğlub olan " Liverpul"un növbəti mərhələyə çıxacağı ümumiyyətlə mümkünsüz hesab edilirdi. Bu qələbədən sonra "Barselona"nı artıq finalda hesab edən dünyanın tanınmış əksər futbol mütəxəssisləri Kloppu hətta tənqid edir və onun bundan artıq heç nəyə qadir olmadığını iddia edirdilər. Üstəlik cavab oyununda Klopp 3 aparıcı futbolçusundan, zədəli olan Firmino, Nəbi Keyta və komandanın qol silahı hesab edilən Məhəmməd Salahın xidmətindən məhrum olmuşdu. Amma Kloppun rəhbərlik etdiyi "Liverpul" "Barselona ilə oyunda həqiqətən də dünya futbolu tarixində nadir hallarda rast gəlinən möcüzəyə imza atdı. Oyunun ilk dəqiqələrindən irəli atılan meydan sahibləri qonaqları qapıya doğru sıxışdırdılar və tezliklə istəklərinə nail oldular. Oyunun 7-ci dəqəsində son oyunlarda xüsusi fəallığı ilə seçilən Divok Origi Hendersonun güclü zərbəsindən sonra qapıçı Ter Şteqen tərəfindən çətinliklə qaytarılan topu dəqiq zərbə ilə tora göndərərək hesabı açdı. Birinci hissə "Liverpul"un tam üstünlüyü şəraitində keçdi. Qonaq komandanın da hücumları təhlükəli oldu və onlar bir neçə dəfə qol vəziyyətindən istifadə edə bilmədilər. İkinci hissədə Klopp olduqca maraqlı və oyunun taleyini həll edəcək əvəzetməyə əl atdı. Almaniyalı mütəxəssis uzaqgörənliklə Robertsonun əvəzinə meydana Venaldumu buraxdı. Məhz Veynaldum da həmin gün oyunun taleyini həll edən qəhrəmana çevrildi. İkinci hissə də meydan sahiblərinin güclü hücumları ilə başladı. Əvvəlcə meydan sahibləri, sonra isə qonaqlar qapı ağzında yaranan təhlükəli vəziyyətdən istifadə edə bilmədilər. Bununla belə 54-cü dəqiqədə Rakitiçin səhvindən istifadə edərək topu ələ keçirən meydan sahiblərinin oyunçusu Arnold onu qapı ağzına göndərdi. Veynaldum isə əla zərbə ilə 2-ci topu qonaqların qapısından keçirdi. Vurulan topdan ruhlanan meydan sahiblərinin növbəti hücumu da qolla nəticələndi. 56-cı dəqiqədə Şakirinin qapı ağzına göndərdiyi topu Veynaldum başla qapıdan keçirərək hesabı 3:0-a çatdırdı. Beləliklə "Liverpul" fantastikaya imza atdı. Hər iki hissədə Messiyə göz açmağa imkan verməyən və onu "tərksilah" edərək meydanda tam şəkildə üstünlüyü qoruyub saxlayan meydan sahibləri 79-cu dəqiqədə istəklərinə nail oldular. Aleksandr Arnoldun künc zərbəsindən qapı ağzına göndərdiyi topu Origi dəqiq zərbə ilə tora göndərdi. Beləliklə yarımfinal oyununda "Liverpul" möcüzəsi baş verdi. Meydan sahibləri dünya futbolunun bəzəyi olan bu oyunla möcüzəyə imza ataraq finala vəsiqə qazandılar.

Əziz Mustafa