Formula 1 yarışlarının tarix yazan çempionları

Formula 1 yarışlarının tarix yazan çempionları

30 Mart 2018 11:10
182
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda keçiriləcək növbəti Formula 1 yarışları ərəfəsində "Oxu məni" qəzeti olaraq bu oyunların tarixi, dünəni, bu günü və qalibləri haqqında silsilə yazılarımızı davam etdiririk.

Ceyms Klark-ikiqat çempionun faciəli sonu

Formula 1 yarışlarının ikiqat qalibi Ceyms Klark 1936-cı ildə Şotlandiyada anadan olub. Uşaq yaşlarından avtomobil yarışlarına böyük maraq göstərən Ceyms valideynlərinin etirazlarına baxmayaraq yerli əhəmiyyətli moto-avto yarışlarında iştirak etməyə başladı və tezliklə özünü istedadlı pilot kimi göstərdi. O 1959-cu ildə "Border-Reivers" komandasının tərkibində çıxış edərək Qran-Pri yarışlarında 10-cu yeri tutdu. 1960-cı ildən başlayaraq isə Ceyms Klark Formula 1 yarışlarında daha ciddi şəkildə iştirak etməyə başlayır. Həmin ildə o Portuqaliyada keçirilən Qran-Pri yarışlarında 3-cü yeri tutur. 1962-ci ildə Klark qələbəyə olduqca yaxın idi. Lakin son anda o Qrem Hillə cüzi xal fərqi ilə məğlub olaraq çempion olmaq imkanını əldən verdi. Bununla belə 1963-cu ildə Ceyms Klark Qrem Hilli ümumu hesabda 27 xal geridə qoyaraq çempion titulunu qazana bildi. Ceyms Klark 1964-cü ildə keçirilən Formula 1 yarışlarında da qələbəyə yaxın idi. Amma son anda yenə də qələbəni əldən verərək finiş xəttinə 3-cü çatdı. Bununla belə 1965-ci ildə Ceyms Klark yenidən Formula 1 yarışlarında uğur qazanaraq ikiqat çempion oldu. Amma növbəti illərdə belə demək mümkünsə xoşbəxtlik Ceyms Klarkdan üz döndərdi. 1966-1967-ci illərdə o Formula 1 yarışlarında orta yerlərdən birini tutdu. 1968-ci ildə Ceyms Klark növbəti dəfə çempion olmaq niyyətində idi. O bu yarışlara olduqca ciddi hazırlaşmışdı. Amma qeyd etdiyimiz kimi artıq xoşbəxtlik onda üz döndərmişdi. Cənubu Afrikada keçirilən yarışların ilk 4 mərhələsini şotlandiyalı birinci yerdə başa vurdu. Lakin növbəti mərhələdə Ceyms Klark yağışlı havada idarəetməni itirərək səddə çırpıldı və onun bolidi 3 yerə parçalandı. Nəticədə Klark ağır zədə alaraq qəza yerindəcə dünyasını dəyişdi. Amma bu günə kimi o Formula 1 yarışlarının ən cəsarətli pilotu kimi xatırlanır.

Con Sertis : Bəxtinə bir dəfə çempionluq nəsib olan pilot

Formula 1 yarışlarının bir dəfə qalibi olmaq ingiltərəli Con Sertisə də nəsib olub. Sertis haqqında danışmazdan əvvəl qeyd edək ki, ötən əsrin 60-cı illərindən başlayaraq Formula 1 yarışlarında liderlik italiyalı pilotlardan Böyük Britaniyaya keçmişdi. 1937-ci ildə İngiltərədə anadan olan Con Sertisdə avto yarışlara həvəs uşaq yaşlarından başlamışdı. Böyük Britaniyada keçirilən ilk yarışlarda müəyyən uğurlara imza ataraq istedadlı pilot kimi diqqəti cəlb edən Con Sertis 1960-cı ildə Monakoda təşkil edilən Qran-Pri yarışlarında "Lotus" komandasının tərkibində çıxış etdi. Lakın ilk yarışda o özünü yüksək səviyyədə göstərə bilmədi. Bununla belə Con Sertis bundan 4 ay sonra Böyük Britaniyada keçirilən Qran-Pri yarışlarında ikinci yeri tutaraq çempion titulunu qazanmaq üçün sona kimi mübarizə aparacağını nümayiş etdirmiş oldu. 1961-ci ildə Portuqaliyada keçirilən Formula 1 yarışlarında Con Sertis qələbənin demək olar bir addımlığında idi. Lakin son anda boliddəki radiatorda problem yarandı və nəticədə o yarışlarda iştirakını dayandırmağa məcbur oldu. Sonraki illərdə də Sertis çempion olmaq üçün müxtəlif cəhdlərə baş vurdu. Lakin o arzusuna yalnız 1964-cü ildə çatdı. 1964-cü ildə keçirilən Formula 1 yarışlarında nəhayət ki, birinci yeri tutaraq çempion oldu. Elə güman edilirdi ki, Sertis növbəti yarışlarda da çempion titulu uğrunda mübarizəni davam etdirəcək. Amma Sertisin bütün cəhdləri hədər getdi və o bir daha çempion ola bilmədi. Onun oğlu Henri də atasının yolu ilə gedərək avtoralli yarışlarında iştirak etdi. Henri 2009-cu ildə Formula 2 yarışlarında qəzaya düşərək dünyasını dəyişdi. Ata Con Sertis isə ötən ilin mart ayının 10-da vəfat etdi.

Con Yanq Stuart: Şotlandiyadan olan Formula 1 üzrə 3 qat dünya çempionu

Şotlandiyanı bütün dünyada tanıdanlardan biri də Formula 1 yarışları üzrə 3 dəfə dünya çempionu Con Yanq Stuartdır. 1939-cu ildə Şotlandiyanın Uest-Danbartonşir əyalətinin Milton şəhərində anadan olan Con Yanq Stuartın uşaqlıq illəri belə demək mümkünsə maşınların əhatəsində keçib. Cekin (Con) valideynləri Milton şəhərində "Yaquar" avtomobilinin satışı ilə məşğul olurdular. Cekin atası və qardaşı da avtomobil idmanı ilə məşğul olurdular. Onlar yerli yarışlarda dəfələrlə iştirak etmiş və yüksək yerlər tutmuşdular.

Con ilk dəfə Formula 1 yarışlarında 1965-ci ildə iştirak etdi. O BRM komandasının tərkibində yarışlarda 3-cü yeri tutdu. Bundan sonra "Matra" komandası ilə birlikdə Con Stuart 1969-cu ildə dünya çempionu titulunu qazandı. Bundan sonrakı illərdə uğur qazana bilməyən Con komandasını dəyişdi. 1971-ci ildə Con Stuart bütün rəqiblərini özündən geridə buraxaraq yenidən ikinci dəfə dünya çempionu titulunu qazandı. 1972-ci ildə üçüncü dəfə dünya çempionu titulunu qazanmağa yaxın olan şotlandiyalı son anda Emerson Fittipaldini özündən irəli buraxaraq çempion ola bilmədi. Bununla belə Con Stuart 1973-cü ildə yenidən Formula 1 yarışlarında qalib gələrək 3 qat dünya çempionu oldu. Gözlənilirdi ki, cəsur şotlandiyalı yeni bir rekorda imza ataraq 4-cü, hətta 5-ci dəfə dünya çempionu olacaq. Lakın komanda yoldaşı və yaxın dostu Fransua Severinin ABŞ-da keçirilən Qran-Pri yarışlarında faciəli şəkildə ölməsi cəsur şotlandiyalıda dərin psixoloji sarsıntılara səbəb oldu. Severinin ölümünü heç cür unuda bilməyən üçqat dünya çempionu Con Stuart 1973-cü ildə Formula 1 yarışlarında iştirakını dayandırdığını rəsmi şəkildə elan etdi. Bundan sonra o müxtəlif telekanallarda idman şərhçisi işlədi. Hazırda da cəsur şotlandiyalı avtoidman həvəskarı olan gənclərə öz dəyərli məsləhətlərini verməkdə davam edir.

Karl Yoxen Rindt: Ölümündən sonra dünya çempionu oldu

Formula 1 yarışlarında baş verən ən qəribə, eyni zamanda faciəli hesab edilən hadisələrdən biri də çempion titulunu pilotun qəza nəticəsində ölməsindən sonra qazanmasıdır. Karl Yoxen Rindt 1942-ci ildə Maynts şəhərində anadan olmuşdu. Ata və anasının bombardman nəticəsində ölməsindən sonra Karl Avstriyadakı nənəsinin və babasının himayəsində yaşamağa başladı. O dövrdə avtoralli yarışlarına olan həvəsi Karlın sonda bu risqli və təhlükəli oyunla peşəkar şəkildə məşğul olmasına gətirib çıxardı. 1964-cü ildə Karl doğma vətəndə, Avstriyada keçirilən Formula 1 yarışlarında iştirak etdi. Sonrakı illərdə də Formula 1 yarışlarında iştirak edən Karl bununla belə yüksək yerlər tuta bilmədi. 1969-cu ildə Karl Rindt ABŞ-da keçirilən Formula 1 yarışlarında 4-cü yeri tutdu. Bu onu çempion titulu uğrunda mübarizədə həyatı üçün təhlükəli olan risqlərə əl atmağa həvəsləndirdi. Risq isə öz növbəsində gənc pilotun faciəli şəkildə ölməsinə gətirib çıxardı. 1970-ci ildə Formula 1 yarışlarında böyük həvəslə çıxış edən Karl Rindt ilk 5 mərhələni qalib kimi başa vurdu. Amma növbəti mərhələdə saatda 330 kilometr sürətlə hərəkət edən Karl Rindt maşını idarə edə bilmədi. Nəticədə maşın əvvəlcə qoruyucu səddə, sonra isə dirəyə çırpıldı və onun qalıqları onlarla metr ətrafa səpələndi. Ağır zədə alan Karl Rindt hadisə yerindəcə həlak oldu. O ölümü ərəfəsində 5 mərhələnin qalibi olmuşdu. Sonrakı mərhələdə heç kim onun bu uğurunu təkrarlaya bilmədi. Nəticədə Karl Rindt faciəli şəkildə ölümündən sonra Formula 1 yarışları üzrə dünya çempionu oldu.

Emin Axundov