Berti Foqts daha 2 il Azərbaycan yığmasına məşqçilik edəcək

Berti Foqts daha 2 il Azərbaycan yığmasına məşqçilik edəcək

30 Noyabr 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında keçirilən yığıncağa Elşad Nəsirov, Elmar Qasımov, İsgəndər Cavadov, Ələkbər Məmmədov, Kazbek Tuayev, Mirkamil Rəhimov və Cahangir Hacıyev qatılıb. AFFA I vitse-prezidenti Rauf Əliyev, assosiasiya rəsmisi Mahir Məmmədov və "Bakı"nın prezidenti Hafiz Məmmədov iclasda iştirak etməyiblər. Gündəlikdə I məsələ milli komandanın baş məşqçi məsələsinin müzakirəsi olub. Aparılan müzakirələrdən sonra almaniyalı məşqçi Berti Foqtsla müqavilənin müddəti 2014-cü ilə qədər artırılıb. II məsələ kimi "İnter" Peşəkar İdman Klubunun "Şəfa" stadionunu satın alması ilə bağlı rəsmi müraciətinə baxılıb. Bu, müsbət cavablandırılıb və müvafiq sənədlərin hazırlanması AFFA-nın baş katibi Elxan Məmmədova həvalə olunub. Futbol veteranları Vaqif İbrahimov, Ədalət Cəfərov, Böyükağa Ağayev, Əziz Əliyev, Ağasəlim Mircavadov və Rüstəm Rəhimov AFFA-dan təqaüd alan veteranların siyahısına əlavə olunub. Mircavadov və Rəhimova təqaüdün verilməsi məsələsinə İK-nın növbəti iclasında baxılacaq. Elxan Məmmədov AFFA ilə "Coca-Cola" şirkəti arasında bağlanmış müqavilə çərçivəsində uşaq futbolunun inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər barədə İK-ya ətraflı məlumat verib. Qurum üzvləri bu sahədə görülən işləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 65 yaşlı Foqts 2008-ci ilin aprelindən milli komandamıza rəhbərlik edir.

O.M.