Azərbaycan millisi Ermənistana 3-1 qalib gəldi

Azərbaycan millisi Ermənistana 3-1 qalib gəldi

5 Noyabr 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azərbaycanın kişilərdən ibarət milli komandası yarışın ikinci oyun günündə Ermənistan, qadın komandamız isə Litva komandası ilə üz-üzə gəlib. Komandamızın kapitanı Vladimir Tukmakov ermənilərə qarşı İtaliyanı məğlub etdiyimiz heyəti çıxarıb. Teymur Rəcəbov ilk turda olduğu kimi, I lövhədə yenə heç-heçə ilə kifayətlənib. O, bu dəfə Levon Aronyanla xalları yarı bölüb. III lövhədə yer alan Şəhriyar Məmmədyarov Vladimir Akopyanla "sülh"ə razılaşıb. Qədir Hüseynov isə Qabriel Sarkisyanı mat edib. Həmyerlimiz IV lövhədə rəqibini üstələməklə, komandamızı hesabda önə çıxarıb. Millimizin heyətində ən gec Vüqar Həşimovun partiyası başa çatıb. Şahmatçımız II lövhədə Sergey Movsesyanı məğlub etməklə, yığmamıza 3:1 hesablı qələbə qazandırıb.

Hərb taxtasında Ermənistan qalaqurma etsə də, tezliklə mat olacağı gözlənilir...

Hafiz Əhmədov

O.M.