Ukrayna mətbuatı 3 azərbaycanlı futbolçudan yazdı

Ukrayna mətbuatı 3 azərbaycanlı futbolçudan yazdı

21 Dekabr 2017 17:13
Bəyəndim (0) Bəyənmədim (0)

Son illər Ukrayna Premyer Liqasının səviyyəsinin aşağı düşməsi bu ölkədən olan həmkarlarımızı narahat edir. Artıq Ukrayna mətbuatı çempionatlarını gücləndirə biləcək futbolçuların siyahısını da tərtib edib.

Onların fikrincə, seleksiyaçılar MDB-nin kiçik çempionatlarına nəzər salmır, bu da izahsız deyil: "Bu ölkələr avrokuboklarda tez-tez uğur qazanmır, amma Azərbaycan istisnadı. "Qarabağ" artıq Çempionlar Liqasının qrupunda iştirak edib. "Qəbələ" ardıcıl 2 dəfə Avropa Liqasının qrupuna çıxıb. Bu klublar maliyyə baxımından Ukrayna Premyer Liqasının əksər komandaları ilə müqayisə oluna bilərlər. Estoniya, Gürcüstan, Litva, Ermənistan isə I liqa səviyyəsindədi. Amma orda da inkişaf edə biləcək oyunçular var".

Həmkarlarımız Azərbaycandan üç oyunçunu Premyer Liqa klublarına namizəd göstəriblər. "Qarabağ"dan Qara Qarayev, "Qəbələ"dən Tellur Mütəllimovla Ruslan Qurbanovun buna hazır olduğunu düşünən Ukrayna mətbuatı onların yeni klubuna nə verə biləcəyini də dəyərləndirib: "Qurbanova etimad göstərib oyun praktikası versələr, o avrokuboklara vəsiqələr uğrunda oynayan komandanın liderinə çevrilə bilər. Tellur Ukrayna çempionatının ikinci "altılıq" komandalarında lazım olan oyun təcrübəsi qazansa, bu, ona kömək edər. Qarayev 2015-ci ildən ölkə xaricində çıxış etmək niyyətindədi və maliyyəni önəmli saymır".

Ukraynalılar millimizin oyunçularının "Dinamo" və "Şaxtyor"un maraq dairəsinə düşməyə layiq olduğunu da düşünürlər: "Hətta 2 nəhəngimizi də maraqlandıra biləcək Azərbaycan təmsilçilərindən fərqli, digərləri elə oyunçulardı ki, bizim ortabab və zəif komandalarımızın futbolçularını düşünməyə vadar edə, hazırda klublarımızda çıxış edən bəzi legionerlərimizin getməsinə səbəb ola bilərlər".Apasport