Türkiyə klubunun Famussa Kone peşmanlığı

Türkiyə klubunun Famussa Kone peşmanlığı

9 Dekabr 2017 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəbələ"nin hücumçusu Famussa Konenin çıxışı Türkiyə klubu "Samsunspor"da məyusluq yaradıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, malili forvardın uğurulu oyununu görən samsunlular onu əldən buraxmağın peşmanlığını çəkirlər.

Belə ki, ötən mövsümün ikinci yarısını icarə əsasında "Samsunspor"da keçirən 23 yaşlı futbolçu I liqada meydana çıxdığı 18 qarşılaşmada 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Məlumatda bildirilir ki, Konenin yayda 300 min lirəlik tələbi rəhbərlik tərəfindən qəbul edilmədiyi üçün futbolçu müqavilə ilə məxsus olduğu "Göztəpə"yə qayıdıb və ordan "Qəbələ"yə icarəyə verilib.

Sabiq "Bastiya"lı bu mövsüm Azərbaycan çempionatında keçirdiyi 9 qarşılaşmada rəqib qapılarına 5 dəfə yol tapıb. Konenin gedişindən sonra yüksək məbləğ qarşılığında "Samsunspor"a keçən Georgios Samaras, Con Çibuyke, Devi Anqan, Mohamed Larbi və Ayite kimi hücumameyilli oyunçular ümumilikdə cəmi 4 qol vura biliblər.

Yeni transferlərə baxmayaraq, Konenin yerinin doldurulmaması klubun müxalifət qüvvələrinin etirazı ilə qarşılanıb. Məhz bu seçim üzündən "Samsunspor"lu azarkeşlər də rəhbərliyi tənqid atəşinə tuturlar.

Qeyd edək ki, Famussa Konenin "Göztəpə" ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.