Azərbaycanlı atlet dünya rekordunu yenilədi

Azərbaycanlı atlet dünya rekordunu yenilədi

14 Sentyabr 2011 16:39
Bəyəndim (0) Bəyənmədim (0)

Buxarest şəhərində yaşı 23-dək olan idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. 69 kq çəki dərəcəsində yarışan Azərbaycan atleti Firudin Quliyev möhtəşəm nəticə göstərərək yeniyetmələr arasında təkanla qaldırmada dünya rekordunu yeniləyib. 17 yaşlı atletimiz əvvəlcə birdən qaldırmada mübarizəyə qoşulub. İlk olaraq, 126, sonra isə 130 kiloqramlıq ştanqı başı üzərinə qaldıran Firudin 133 kiloqramın öhdəsindən gələ bilməyib. Bu nəticə ilə o, birdən qaldırmada 9-cu pilləni tutub.

Lakin millimizin üzvü bu uğursuzluqdan sonra ruhdan düşməyərək gücünü toplayıb və fantastik nəticəyə imza atıb. Atletimiz təkanla qaldırmada 173 kiloqramlıq ştanqı başı üzərinə qaldıraraq 10 illik həsrətimizə son qoyub. Sonuncu dəfə 2001-ci ildə hazırda yeniyetmələr üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nizami Paşayev qazandığı gümüş medaldan sonra komandamız gənclərin yarışında uğura həsrət idi.

Xatırladaq ki, 2005-ci ildə Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında Albaniya idmançısı Erkand Gerimay 172 kiloqramlıq ştanqı təkanla qaldırmışdı. Firudin Quliyev 6 ildir qüvvədə qalan və heç kim tərəfindən qırılmayan bu nəticədən 1 kiloqram artıq qaldıraraq bu rekordu təzələyib.

Azərbaycan istənilən ağır yükün altından alnıaçıq çıxmağa qadirdir.

Tofiq Əliyev

O.M.