Yunan-Roma güləşçilərimiz DÇ-də 5 medal qazanıb

Yunan-Roma güləşçilərimiz DÇ-də 5 medal qazanıb

1 Sentyabr 2011 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Çempionatın son günlərində mübarizəyə Yunan-Roma güləşçiləri qoşulub. Yığma komandamız ümumilikdə 1 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında dünyanın ən güclüsü olub.

Əvvəlcə Elman Muxtarov (58 kq) İtaliya, Yaponiya, Türkmənistan, Gürcüstan və Qazaxıstandan olan rəqiblərini ard-arda məğlub edərək dünya çempionu olmuşdu. Murad Bazarov (50 kq) və Hacımurad Bağmanov (69 kq) isə gümüş medal əldə etmişdilər.

Çempionatın son günündə isə, Kərim Cəfərov (46 kq) Və Hacımurad Çöpsiyev (100 kq) bürünc medal qazanıblar. Həlledici görüşlərdə onlar müvafiq olaraq Yaponiya və Qırğızıstanlı rəqiblərini məğlub ediblər.

Ümumi komanda hesabından Azərbaycan yığması 65 xalla 1-ci yeri tutub. Rusiya (57 xal) ikinci, İran isə (53 xal) üçüncü olub.

Bu qələbələr münasibətilə xalqımızı təbrik edirik.

Tofiq Əliyev

O.M.