Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq

Azərbaycan Rioda 4 yeni idman növü üzrə təmsil olunacaq

25 İyul 2016 14:44
301
Bəyəndim (0) Bəyənmədim (0)

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, idmançılarımızı çoxlu medallarla gözləyirik: "Braziliya ilə 8 saat vaxt fərqimiz var, həm də fəsil fərqi var. Bunların hamısının təsiri var. Komandanın bir hissəsi - cüdoçular artıq oradadır".

A.Rəhimov deyib ki, Azərbaycan bu il Olimpiya Oyunlarında 18 idman növü üzrə iştirak edir. Onların 4-ü yenidir.

Nazirin sözlərinə görə, paralimpiyaçılar sentyabrda yola düşəcəklər: "İnanıram ki, paralimpiyaçılarımız çox yüksək nailiyyətlə geri qayıdacaqlar. Olimpiya Oyunlarında boyük tərkibdə komanda iştirak edir. Ona görə də Rio-de-Janeyrodakı Olimpiya kəndində komandamız xüsusi binada yerləşdiriləcək. Biz bildirmişik ki, həmin binanın tərtibatında bayrağımız və s. rəmzlərimizin hamısı olmalıdır. Avqustun 3-də Olimpiya kəndində idmançıların salamlanması tədbiri keçiriləcək və Azərbaycanın bayrağı qaldırılacaq".

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan beynəlxalq idman yarışlarında 56 idmançı ilə 17 idman növündə təmsil olunacaq.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunları olacaq. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunacaq. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunacaq.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edəcək; Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Mediainfo.az