Bu gün Azərbaycan klubları Avroliqada növbəti oyunlarına çıxacaq

Bu gün Azərbaycan klubları Avroliqada növbəti oyunlarına çıxacaq

14 İyul 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Azərbaycan klubları da Avropa Liqasında növbəti oyunlarına çıxacaq.

Əvvəlcə Bakı vaxtı ilə saat 20:00-da "Neftçi" öz meydanında Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi səfərə rahat hesabla yollanmaq üçün qələbə qazanmalıdır. İlk mərhələdə Maltanın "Baltsan" klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun yetirmələri ev oyunlarındakı uğursuzluğu da sonlandırmaq istəyir. Belə ki, paytaxt klubu düz 11 oyundur öz meydanında qələbə sevinci yaşaya bilmir.

"Neftçi" bu gün həm də Azərbaycan klublarının yubiley qələbəsinə öz imzasını ata bilər. Digər təmsilçilərimizdən daha əvvəl meydana çıxacaq "Neftçi" qələbəni bayram edəcəyi halda həm də yerli klubların Avrokuboklardakı 70-ci qələbəsini reallaşdıra bilər.

Digər təmsilçimiz "Kəpəz" də saat 21:00-da növbəti matçını keçirəcək. Şahin Diniyevin yetirmələri Avstriyada "Admira"nın qonağı olacaq. Uzun müddət aradan sonra Avrokuboklarda çıxış edən və tarixində ilk dəfə mərhələ adlayan gəncəlilər bu uğurunun davamını gətirmək arzusundadır.

Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" isə saat 22:30-da Macarıstanda MTK ilə görüşəcək. Ötən mövsüm birinci mərhələdən başlayaraq qruplara qədərə irəliləməyi bacarmış Roman Qriqorçukun yetirmələri Azərbaycan tarixində ilk dəfə bir macar klubu ilə oynayacaq. Səfər matçlarında uğursuz çıxış edən qəbələlilər bu dəfə bu sindromu qıra bilər.(AzərTAc)

Mediainfo.az