Erməni futbol funksioneri: “Ramil Şeydayevi itirdiyimiz üçün üzülürəm”

Erməni futbol funksioneri: “Ramil Şeydayevi itirdiyimiz üçün üzülürəm”

13 İyul 2016 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Ramil Şeydayev yaxşı göstəricilərə malikdi. Bunlardan biri də onun qapını nişan almağa israrlı olmasıdır".

Bu sözləri Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan deyib.

Rusiya yığmasından imtina edib, Azərbaycan millisində oynamağa qərar verən Ramil Şeydayevin addımına şərh verən erməni funksioner azərbaycanlı futbolçunu itirdiklərinə görə üzüldüyünü etiraf edib: "İstənilən halda, onun yığmamıza düşmək uğrunda rəqabət aparmayacağına təəssüflənirəm. Ola bilər ki, biz nəyisə gözdən qaçırdıq. Biz ona ümidlər bəsləyirdik. Hətta DÇ-2018-də əsas yığmaya düşmək üçün mübarizə aparacağını gözləyirdik. Vaxtilə Azərbaycan yığmasına getmək istəyən Aleksandr Səmədovu Rusiya vətəndaşı kimi qalmağa inandıra bilmişdik. Bir sözlə, bu perspektivli futbolçunu itirdiyimiz üçün üzülürəm. AÇ-2016-dakı uğursuzluqdan sonra yığmada gözlənilən islahatlar onun da milliyə yolunu açacaqdı. Axı o, AÇ-2016-da heyətə çağırılmayıb".

Simonyan Şeydayevi tərifləsə də, onu millimizdə də rəqabətin gözlədiyini qeyd edib: "Qərar onun seçimidi. Bəlkə də onu yığmada oynayacağına inandırıblar. Amma Şeydayev hələ gəncdi. İstər Rusiya, istər Azərbaycan yığması olsun, istənilən millidə möhkəmlənmək üçün çox güc sərf etməlidi. Çünki istənilən komandada özünü göstərməlisən. Ramilin orada futbolçu kimi özünü təsdiqləyib-təsdiqləməyəcəyini zaman göstərəcək. O, hələlik yeniyetmələr yığmasında parlayıb, başqa ciddi uğuru isə olmayıb".

Qeyd edək ki, "Zenit"dən Türkiyənin "Trabzonspor" klubuna keçən Şeydayev 2013-cü ildə Rusiya U-17-si ilə Avropa çempionu adını qazanıb. (apa)

Mediainfo.az