Bu gün Fransada erkən finaldı: İspaniya-İtaliya

Bu gün Fransada erkən finaldı: İspaniya-İtaliya

27 İyun 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Del Boske heç bir məşqçinin etmədiyini bacaracaqmı?

Bu gün saat 21:00-da "Avro-2016" da erkən final hesab olunan qarşılaşmada son Avropa çempionu İspaniya İtaliya milli komandası ilə qarşılaşacaq. Xatırlayacaqsız, 2012-ci il Avropa çempionatının Kiyevdə keçirilən finalında İspaniya və İtaliya qarşılaşmışdı. Necə xatırlamamaq olar: Visente Del Boskenin yetirmələri italiyalıları rüsvayçı hesabla- 4:0 məğlub etmişdilər.

***

Neçə gündür Avropadakı siyasi böhran bir tərəfə, İtaliya və İspaniya mətbuatı bu oyuna köklənib. Məsələn, İtaliyanın "Gazetta Dello Sport" qəzeti "Oy, yox! Bu İspaniyadır!" sərlövhəli baş yazısında rəqibin italiyalılar üçün nə qədər təhlükəli olduğuna diqqət çəkib. İspaniyada dərc edilən "Diario AS" isə İtaliya ilə oyunun asan olmayacağını və milli komandanın qapıçısı David De Xeanın yaxşı formada olmadığını qabardıb. İspaniya millisinin 14 il şərəfini qorumuş sabiq oyunçusu Xavi Olonso deyib ki, bu mərhələdə qarşılaşdıqları üçün komandaların hər ikisinin bəxti gətirməyib: "Çox təəssüf ki, bu qarşılaşma çempionatın erkən mərhələsində olacaq. İtaliya və İspaniya yarımfinal və ya finalda qarşılaşmağa layiqdilər."

İspaniyanın hücumçusu, çempionatın bombardirlərindən olan Alvaro Morata bugünkü qarşılaşma haqda danışarkən deyib ki, Andrea Barçali, Leonardo Bonuççi və Corcio Kellini üçlüyü dünyada ən keçilməz müdafiə xəttidir. Keçmiş klubu "Yuventus"da iki mövsüm bu üçlüklə birgə oynayan Morata (hazırda "Real"a qayıdıb) İtaliya müdafiəsinin yarılmasının çətin iş olduğunu vurğulayıb. "İtaliyanın bu üçlüyünə qarşı oynamaq çətindir, üstəlik nəzərə almaq lazımdır ki, qapıda da Buffon dayanır"deyə, Morata bildirib.

İtaliya millisinin forvardı Simone Dzadza Morata ilə keçmiş komanda yoldaşıdır. "Yuventus"un oyunçusu deyib ki, o, Morata ilə təkcə bir klubda oynamayıblar, həm də yaxın dostdurlar. Dzadza deyib ki, Moratanın uğurlarına sevinmək istəyir: "Amma İspaniya-İtaliya oyunundan sonra.." İspaniya millisinin yarımmüdafiəçisi Franses Fabrekas isə İtaliyanın baş məşqçisi Antonio Kontenin "Avro-2016"dan sonra onun oynadığı "Çelsi"yə rəhbərlik edəcəyini xatırladıb: "Ümid edirəm ki, Antonio İspaniya ilə oyundan sonra artıq "Çelsi" də işləməyi düşünəcək" deyə, komandasının bu gecə qələbə qazanacağına işarə edib.

Corcio Kellini İspaniya ilə istənilən mərhələdə qarşılaşmanın çətin olacağını deyib. İtalyalı müdafiəçi bugünkü oyun haqda danışarkən "intiqam" sözünün işlədilməsindən xoşu gəldiyini etiraf edib. "Amma intiqam sözünü tez-tez təkrar etmək deyil, onu həyata keçirmək lazımdır" deyə, Kellini bildirib. Müdafiəçi deyib ki, "İspaniyanın məğlubedilməz olduğu kağız üzərindədir, bunu sübut etmək üçün isə İtaliya yaxşı oynamalı və qalib gəlməlidir".

Bu qarşlıaşma bu gün İspaniyanı rəhbərlik etdiyi dövrdə 114-cü oyuna çıxaran Del Boske üçün də ciddi sınaq olacaq.

Del Boske etiraf edib ki, İtaliya ilə oynayacaqları dəqiqləşəndə komandanın əhval-ruhiyyəsini təsvir etməkdə çətinlik çəkir. " İtaliya ilə oynamağı istəməzdim. Amma bu baş verib." Del Boske İtaliya ilə oyunda sübut etməlidir ki, Braziliya mundialındakı fiaskodan sonra İspaniya yenidən yüksəlişdədir. Məlumdur ki, Braziliyadan elə qrup mərhələsindən evə qayıdandan sonra Xavi Ernandes, Xavi Olonso, Davdid Vilya və daha bir neçə oyunçu millini tərk etdi. Mətbuat Del Boskenin cəzalandırılmasını tələb etsə də, İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyar Del Boskeni "Avro-2016"nın sonunadək komandada qalmasına razı sala bildi. Bundan sonra amansız ispan mediası Del Boskeyə şans verdi. Amma bir şərtlə: Del Boske indiyədək heç bir məşqçinin etmədiyini bacarmalıdır. Nəyi? İspaniyaya üçüncü dəfə dalbadal Avropa çempionu adını qazandırmalıdır. Bunun üçün isə bu gün İtaliya səddinin keçmək lazımdır...Qeyd edək ki, oyunu türk referi Cüneyit Çakır idarə edəcək.

İngiltərə bədlikdən çıxa biləcəkmi?

Hələ çempionatdan əvvəlində də yazmışdıq ki, İngiltərə millisini "pley-off" mərhələsində bir uğursuzluq təqib edir. Belə ki, 1990-cı ildə Almaniya ilə yarımfinal matçındakı penallaşmanı uduzandan sonra ingilislər uğursuzluq zolağından çıxa bilmirlər. Faktlara baxaq: 1996-cı, 2004-cü, 2012-ci il Avropa, 1998-ci və 2006-cı il dünya çempionatlarında İngiltərə millisi "pley-off" mərhələsində penallarda mübarizəni dayandırıb.

Komandanın baş məşqçisi Roy Hocson Fransaya 18 yaşlı Markuş Reşford kimi gənclər və Ueyn Runi kimi təcrübəli oyunçulardan ibarət komanda ilə gəlib. "Tottenhem"in iki hücumçusu-Dele Alli və Hari Keyn mili komandanın heyətinin xeyli gücləndiriblər. Qrup mərhələsində ingilislər Uelsə qalib gəlib, Slovakiya və Rusiya ilə heç-heçə edib. Gənc ingilislər yaxşı oyun sərgiləyirlər.

İngiltərə milisinin gənc hücumçusu Daniel Starric milli komandanın oyunçusu Rəhim Sterlinq haqda danışıb. Sterlinq əvvəl "Liverpul" da Starriclə birgə oynayıb və sonra 49 milyon funt-sterlinqə "Mançestr-Siti"yə transfer olunub. Starric deyib ki, Rəhim dünyada ən yaxşılar sırasındadır: "Dünyada 21 yaşlı Rəhim kimi neçə oyunçu var ki, milli komandada bu qədər yüksək səviyyəli oyun keçirsin". Qeyd edək ki, 21 yaşlı Rəhim(Raheem Sterling) Sterlinq Yamayka əsilidir. İngiltərə milli komandasının orta xətt oyunçusudur.

İslandiya milisinin oyunçusu Eydur Qudonsen növbəti mərhələyə çıxmaq üçün bu gün bütün qüvvə ilə çalışacaqlarını deyib. O deyib ki, təcrübəli İngiltərəyə qalib gəlmək böyük şərəf olardı: "Amma qalib gəlməsək, o zaman qoy Avropa çempionatın qızılı İngiltərənin olsun."

İngiltərə milisinin hücumçusu Qarri Keyn isə deyib ki, Avropa çempionatında zəif rəqib yoxdur: "İslandiya əla müdafiə olunur və istənilən komandaya çətinlik yaratmaq gücündədirlər. Biz bu oyuna 100 faiz hazırlaşmalıyıq. Oyunda topa daha yaxşı nəzarət etməyi və əlverişli vəziyyətlərdən istifadə etməliyik. Biz İslandiyaya qalib gəlmək əzmindəyik. İngiltərənin Avropa çempionatının qalibi olmaq şansı da realdır." İngiltərə millisinin kapitanı Ueyn Runi "The Telegraph"a açıqlamasında deyib ki, komandası İslandiya səddinin keçməyi son məqsədləri hesab etmirlər. "Bizim gənc komandamız var deyə ¼ finala çıxmaqla kifayətlənməməliyik. İngiltərə Avropa çempionu olmağa iddialıdır. Bu çox çətin olacaq, amma biz əminik ki, yaxşı komandamız var". İslandiya baş məşqçisi Lars Laqerberk deyib ki, şalışdırıcısı olduğu komanda ciddi inkişafa və uğura nail olub."Bunun üçün bütün oyunçular və azarkeşlərə minnətdaram" .

Nazim SABİROĞLU