Boks üzrə Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin lisenziya turniri üçün heyəti açıqlanıb

1 İyun 2016 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 16-dan 25-dək Bakıda kişi boksçular arasında keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri üçün Azərbaycan yığmasının heyəti dəqiqləşib. Bu barədə apasport.az saytına komandamızın böyük məşqçisi Nəriman Abdullayev məlumat verib.

O bildirib ki, yarışda yığmamız Rioya lisenziya qazanmadığımız hər 3 çəkidə təmsil olunacaq. Abdullayevin sözlərinə görə, məqsəd Braziliyaya tam heyətlə yollanmaqdı: "ABŞ-da təlim-məşq toplanışımız yüksək səviyyədə keçdi. Artıq paytaxtımızda turnirlə bağlı son məşqləri davam etdiririk. Bu səbəbdən yığmamızın yarışa qatılacağı heyəti də məlumdu. 7 çəkidə vəsiqə qazandığımızdan turnirə Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədovla (81 kq) qatılacağıq. İnanırıq ki, hər 3 boksçumuz Rio üçün lisenziya əldə etmək gücündədi".

Abdullayev lisenziya xarakterli son yarışda hər 3 idmançımızın şanslarından da danışıb. O bildirib ki, boksçularımız əvvəlki yarışlarda qazandıqları təcrübə və hazırkı formaları hesabına çətinlik yaşamamalıdırlar: "Onların hər birinin yarışa tam hazırdı. İstər fiziki, istərsə də psixoloji baxımdan. Düzdü, Hüseynovun lisenziya qazanması bir qədər çətin olacaq. Çünki 49 kq çəki dərəcəsində yalnız finalçılar Olimpiadada iştirak hüququ qazanacaqlar. Amma onun bu vəzifənin öhdəsindən gələcəyinə ümid bağlayırıq. Şahsuvarlı və Məmmədovun rinqə çıxacaqları çəkidə isə 1-5-ci yerlər Olimpiadaya vəsiqə əldə edəcəklər. Bu səbəbdən onların da Olimpiya yığmamıza qoşulacağını gözləyirik".

Qeyd edək ki, indiyədək Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) Rio-2016-da iştirak hüququ qazanıb. Qadınlardan ibarət yığmamızda isə Yana Alekseyevna (60 kq) buna yiyələnib.

Mediainfo.az