3 futbolçu "Sumqayıt" klubundan qovuldu - NİZAM-İNTİZAMA ƏMƏL ETMƏYİBLƏR

3 futbolçu "Sumqayıt" klubundan qovuldu - NİZAM-İNTİZAMA ƏMƏL ETMƏYİBLƏR

6 Aprel 2016 12:18
318

Mövsümün başa çatmasına 8 tur qalmasına baxmayaraq, "Sumqayıt" heyətdə "təmizlik işləri"nə başlayıb. Bu barədə klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

O bildirib ki, artıq 3 futbolçu ilə yollarını ayırıblar. Bunlar müdafiəçi Emin Mehdiyev, yarımmüdafiəçilər Uğur Pamuk və Tofiq Mikayılovdu.

Həmin futbolçularla müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Sultanov bunu həm oyunçuların çıxışının məşqçilər korpusunu qane etməməyi, həm də matçların gedişində tez-tez intizamsızlığa yol vermələri ilə əlaqələndirib.

Baş menecer daha bir neçə oyunçu ilə vidalaşa biləcəklərini istisna etməyib: "Onların oyunu baş məşqçimizin ürəyincə olmadı. Bundan başqa, oyun nizam-intizamına da əməl etmirdilər. İçlərində kobud oynayanı da var idi, tapşırığı düzgün yerinə yetirməyəni də".

Qeyd edək ki, Uğur Pamuk bu mövsüm Premyer Liqada 25, Emin Mehdiyev 20, Tofiq Mikayılov isə 18 oyun keçirib. Uğur 1, Tofiq 3 sarı vərəqə alıbsa, Eminin passivində 7 sarı, 2 qırmızı vərəqə var.

Mediainfo.az