Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb

Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb

21 Avqust 2015 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan UEFA reytinqində tarixi nailiyyətə imza atıb. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra açıqlanan siyahıda ölkəmiz 26-cı pillədə yer alıb.

Bu, Azərbaycan futbolu tarixində ən yüksək nailiyyətdi. İndiyədək ən yaxşı halda 28-ci olan ölkəmiz rekordunu 2 pillə ayxşılaşdırıb.

Belə uğura dünənki oyunlaradək 29-cu olan Azərbaycanın 3 pilləlik sıçrayışı səbəb olub. Belə irəliləyişin səbəbi isə "Qəbələ" və "Qarabağ"ın uğurlu çıxışıdı.

Sonuncular İsveçrədə "Yanq Boyz"a 1:0 hesabı ilə qalib gəlib, hesabımıza daha 0,250 xal qazandırıb. "Qəbələ"nin evdə Yunanıstan "Panatinaikos"u ilə qolsuz heç-heçəsi sayəsində isə 0,125 xal əldə etmişik.

Bununla da cari mövsüm yığılan əmsalımız 2,750-yə çatıb. Bunun 1,000 xalını "Qəbələ" qazanıbsa, "Qarabağ" və "İnter" hərəyə 0,750, "Neftçi" 0,250-nin səbəbkarı olub. Nəticədə 5 mövsümü əhatə edən reytinqimiz 13,250-yə yüksəlib. Bu rəqəm isə Azərbaycan futbolu tarixində daha bir rekorddu.

Klublarımızın imza atdığı bu rekord 3 ölkəni arxada qoymağa kifayət edib. Bir gündə əldə olunan nəticələr hesabına Bolqarıstan, Sloveniya və Serbiyanı arxada qoymuşuq. Artıq 26-cı olan ölkəmizin növbəti irəliləyişi isə hələlik real görünmür. Çünki 25-ci olan Norveç bizi 3,000 xal qabaqlayır.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 84,427 xal.

Mediainfo.az