“Xəzər Lənkəran” legionerinin biletini ləğv etdirdi

“Xəzər Lənkəran” legionerinin biletini ləğv etdirdi

4 Avqust 2015 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Xəzər Lənkəran"ın düşərgəsində baxışdan uğurla keçən fransalı hücumçu Limam Seydi cənub klubunun düşərgəsinə gəlib çıxa bilmir.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə viza problemi yaşayan forvard indi də bilet məsələsində ilişib.

Belə ki, Lənkəran təmsilçisi əvvəlcə futbolçuya bilet alsa da, sonradan bileti ləğv edib. Deyilənlərə görə, buna səbəb İdman Arbitraj Məhkəməsinin (CAS) cənub klubunun əleyhinə qərar verməsidi. CAS FİFA-nın "Xəzər Lənkəran"a verdiyi transfer qadağası cəzasının qüvvədə saxladığı üçün cənublular Limam Seydinin hələlik düşərgəyə gəlməsinə ehtiyac duymayıb.

Bu hadisəni saytımıza açıqlamasında futbolçu özü də təsdiqləib: "Bəli, biletim ləğv edilib. Viza məsələsini yeni həll etmişdik ki, menecerim biletimin ləğv edildiyini bildirdi. Ümumiyyətlə, bilmirəm ki, ora getməyimə niyə problem yaranır. Məşqçi məni istəyir, futbolçularla münasibətim yaxşıdı, prezidentin də oyunumdan xoşu gəldi. Amma hansı problem üzündən hələ də komandaya qoşula bilmədiyimi anlamıram".

Seydi menecerinin baş məşqçi Yunis Hüseynovla da danışdığını bildirib: "Menecerim bir neçə dəfə baş məşqçi ilə danışıb. O, əvvəlcə heç bir problem olmadığını bildirsə də, sonradan müəyyən problemlər olduğunu deyib. CAS-ın qərarına görə "Xəzər Lənkəran"da yeni transferlərin yalnız sentyabrdan etibarən meydana çıxacağını bildirərək, bileti ləğv ediblər. Mənim sentyabrda gəlməyim düzgün deyil. Çünki məşq etməliyəm".

Cənub klubunun bu adımını anlamaq bir qədər çətindi. Əgər klub Limam Seydini bəyənibsə, onu ən azı komandaya adaptasiya olmaq üçün indidən heyətinə qatmalıdı. Məsələn, "Barselona" da eyni cəzaya məruz qalmışdı. Lakin onlar türkiyəli futbolçu Arda Turanla vaxtında müqavilə imzaladılar. Onun 6 ay oynamayacağını bilə-bilə heyətə qatdılar.

Mediainfo.az