İlham Əliyev "Qarabağ" futbol komandasının üzvləri ilə görüşüb

İlham Əliyev "Qarabağ" futbol komandasının üzvləri ilə görüşüb

17 Dekabr 2014 13:38
Bəyəndim (0) Bəyənmədim (0)
Adınızın "Qarabağ" olması ikiqat məsuliyyətdir"

Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

""Qarabağ" futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir", - deyən Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən prezident London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğulayıb. Qeyd edib ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.

Prezident İlham Əliyev dekabrın 11-də İtaliyanın "İnter" komandası ilə keçirilən oyunda "Qarabağ" komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib.

"Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı", - deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkəmizin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğulayıb. Qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının "Qarabağ" olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.

Mediainfo.az


Komandanın baş məşqçisi Qurban Qurbanov onların fəaliyyətinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının diqqət və qayğısı onların gələcək işlərində mühüm stimul olacaq. Qurban Qurbanov komandanın yenə də eyni əzmlə çalışacağına əminliyini ifadə edib.

"Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini deyib. Son hadisə ilə bağlı Avropa futbol ictimaiyyətində də böyük narahatlıq hisslərinin yaşandığını deyən Tahir Gözəl "Qarabağ" futbol klubuna, ümumilikdə ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlıq edib və dövlət başçısına klubun xatirə hədiyyələrini təqdim edib.

Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib. "İdman indi dünyada ictimai fenomendir", - deyən dövlət başçısı gələn il ilk Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini, bununla da Azərbaycanın sivilizasiyalararası dialoqun daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. 2020-ci ildə isə Bakının futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasında olduğunu deyən prezident İlham Əliyev bir daha komandanın üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.