Foqts: “Çalışdıracağım komanda güclü olmalıdır”

Foqts: “Çalışdıracağım komanda güclü olmalıdır”

10 Dekabr 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Kramer özündənrazı formada danışa bilməz. Onun dünya çempionluğunda rolu az olub". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

Almaniya mətbuatına danışan 67 yaşlı mütəxəssis Münhenqladbax "Borussiya"sının futbolçusu Kristof Krameri tənqid edib.

O, 23 yaşlı yarımmüdafiəçinin Almaniya yığmasının heyətində qazandığı dünya çempionluğunda böyük rol oynamadığını bildirib: "Başa düşə bilmirəm ki, Kramerin mundialda nə işi var idi? Almaniyada ondan da yaxşı futbolçular var. Kramer "Borussiya"da Hennes Vaysvaylerlə çalışsaydı, çətin günlər yaşayardı. Mən onun rəhbərliyi altında oynamışam. Futbolçunu daim təzyiq altında saxlayırdı. Klublar heyətlərinə futbolçu cəlb edəndə diqqətli olmalıdılar".

Foqts söhbət əsnasında bir daha Almaniya çempionatında çalışmayacağını bildirib: "Bundesliqa maraqlı çempionatdı. Son illər daha da inkişaf edib. Amma mənim üçün Bundesliqa dəftəri bağlanıb. Yenidən Almaniya çempionatında işləməyim o qədər də inandırıcı görünmür". Məşqçi futbolla vidalaşmaq haqda hələ düşünmür: "İşsiz qalmaqdan, evdə oturub "Borussiya"nın oyunlarına baxmaqdan qorxmuram. Amma mənə doğma olan işlə vidalaşmaq fikrim yoxdu. Futbolda bundan sonra da nəsə edəcəm. Əgər məşqçiliyi davam etdirəcəmsə, çalışdıracağım komanda güclü olmalıdı. Yoxsa yenə 5-6 il ərzində komandanın oyununu formalaşdırmaq mənlik deyil".

Mediainfo.az