AFFA 8 klubu cəzalandırdı

AFFA 8 klubu cəzalandırdı

9 Dekabr 2014 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsi və Topaz Premyer Liqasının XV turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Qurum 8 klubu ümumilikdə 10520 manat cərimələyib.

Kuboku "Neftçi" – "Qaradağ Lökbatan" matçında qırmızı vərəqə alan Kaue da Silva meydan sahiblərini 2000 manat ziyana salıb. Braziliyalının özü isə 2 oyun cəzalanıb.

"Neftçala" – AZAL oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. "Neftçala"nın futbolçusu Elvin Adışirinli və AZAL-ın üzvü Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər ikisi 2 oyun cəzalanıb. Bundan başqa, qonaqlar 2000, meydan sahibləri 200 manat cərimələnib.

"Simurq" – "Rəvan" görüşündə qonaqların oyunçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 20 manat ziyana salıb.

"Sumqayıt" – "Bakı" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. "Sumqayıt"ın futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. "Bakı" klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün daha ağır cəza alıb - 2 oyun və 2000 manat.

Topaz Premyer Liqasının XV turunun "Xəzər Lənkəran" – "Qəbələ" oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəyəcək. Matçın 58 və 82 - ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib.

"Qarabağ" – "Neftçi" qarşılaşmasında qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat xərcə düşüb.

Mediainfo.az