Yeniyetmələrin II Olimpiya Oyunlarında daha 2 medal qazanılıb

Yeniyetmələrin II Olimpiya Oyunlarında daha 2 medal qazanılıb

25 Avqust 2014 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisi Nanjinqdə keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında daha 2 medal qazanıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə növbəti mükafatları yunan-Roma güləşçilərimiz yazdırıb. Təmsilçilərimizdən İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) gümüş medala yiyələnib.

Belə ki, Dadov ilk qarşılaşmasını Abubakr Alimova (Özbəkistan) qarşı keçirib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn təmsilçimiz ardınca İbrahim Omarı (Misir) da eyni hesabla məğlub edib.

Yarımfinalda qazaxıstanlı Yevgeni Polivadova üz-üzə gələn İslambek bu dəfə 2:0 hesablı qələbəyə sevinib. Finalda isə güləşçimizin rəqibi amerikalı Meyson Manvill olub. Gərgin keçən mübarizədən Dadov qalib ayrılıb və Olimpiya çempionu titulunu qazanıb.

Nəcəfov da ilk 3 görüşünü üstün bitirib. O, Uğur Beytekin (Türkiyə, 10:0), Məhəmmədrza Ağaniaçari (İran, 9:5) və Dorin Kojakarini (Moldova, 8:0) mübarizədən kənarlaşdırıb. Lakin Cabbar finalda İlxom Baxromov səddini keçə bilməyib. Özbəkistanlı idmançı 6:5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 7-yə çatıb. Güləşçilərimizdən öncə taekvondoçumuz Səid Quliyev (73 kq) qızıl, cüdoçularımız Leyla Əliyeva (44 kq) ilə Natiq Qurbanlı (55 kq), digər taekvondoçumuz Ceren Özbek (44 kq) və akademik avarçəkənimiz Boris Yotov gümüş medalla kifayətlənmişdilər.

Mediainfo.az