Sabah futbol üzrə Topaz Premyer Liqasında II tura start veriləcək

Sabah futbol üzrə Topaz Premyer Liqasında II tura start veriləcək

15 Avqust 2014 13:04
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah futbol üzrə Topaz Premyer Liqasında II tura start veriləcək. Bu dəfə turun iki görüşü Bakıda, üçü isə paytaxtdan kənarda keçiriləcək.

3 qarşılaşmanın keçiriləcəyi ilk oyun günü daha çox maraq kəsb edir. Belə ki, bu il avrokuboklarda mərhələ adlamağı bacaran hər 3 komandamız meydana sabah çıxacaq. Ötən mövsüm çempionatda ilk iki pilləni tutan "Qarabağ"la "İnter" isə turun mərkəzi matçında üz-üzə gələcək.
Uzun fasilədən sonra çempionat oyununu qəbul edəcək Bakıxanov qəsəbə stadionunda baş tutacaq matça komandalar fərqli durumda çıxacaqlar. Hollandiya "Tvente"si ilə avrokubok görüşü düşüncəsi ilə oynayacaq Qurban Qurbanovun komandası ilk turda gözlənilməz texniki məğlubiyyət alıb. Avropa ilə vidalaşan Kaxaber Sxadadzenin yetirmələri isə ötən mövsümün bürünc mükafatçısı "Qəbələ"yə 4 cavabsız qol vurduqdan sonra yenə iddialı olacağını ortaya qoymağa çalışacaq.
Eyni vaxtda başlayacaq paytaxt derbisi isə əvvəlki əhəmiyyətini itirib. "Neftçi" ilə "Bakı"nin duellərinin istənilən turun bəzəyi olduğu vaxtlar artıq tarixə qovuşub. Amma bu dəfəki matça maraq böyükdü.
Bir tərəfdən ona görə ki, çempionatda iştirakı hələ də sual altında olan "Bakı"nın meydana hansı heyətlə və necə çıxacağı maraqlıdı. İlk turda darmadağınla üzləşən "Neftçi"nin bu dəfə hansı heyətə güvənəcəyi, avrokubok öncəsi Nikolas Kanalesə qayıdışını qeyd etmək imkanı verib-verməyəcəyi də çoxlarını düşündürür.
Günün son matçında isə ilk turun gözlənilməz nəticələrinə imza atanlar görüşəcəklər. Yayda topladığı güclü heyətlə AZAL-ı məğlub edə bilməyən "Xəzər Lənkəran" çempionluq iddiasını ilk ev oyununda göstərməlidi. Onların rəqibi isə ilk turda "Qarabağ"dan 3 cavabsız qol buraxan, amma texniki qələbəyə sevinən "Sumqayıt"dı.
Turun ikinci günü Zaqatalada başlayacaq. İlk oyunu "Bakı" ilə olduğundan mövsümə start verməyən "Simurq" "Xəzər Lənkəran"ı büdrətməyi bacaran AZAL-ı sınağa çəkəcək.
Həftəyə Qəbələdə yekun vurulacaq. Mövsümə uğursuz başlayan meydan sahibləri "Neftçi"nin ikinci heyətini 3:0 məğlub edən "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qonaqların gücünə aydınlıq gətirəcək qarşılaşma Dorinel Muntyanunun yetirmələrinin uğursuz seriyaya I divizionun qalibi ilə oyunda son qoymağa çalışacaq.
Topaz Premyer Liqası, II tur
16 avqust (şənbə)

19:00. "Qarabağ" – "İnter"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. "Neftçi" – "Bakı"
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
"Bakcell Arena" stadionu

20:00. "Xəzər Lənkəran" – "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev
"Xəzər Lənkəran" mərkəzi stadionu

17 avqust (bazar)

19:00. "Simurq" – AZAL
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev
Zaqatala şəhər stadionu

20:00. "Qəbələ" – "Araz Naxçıvan"
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli
Qəbələ şəhər stadionu

Mediainfo.az