Veteran futbolçu dəfn edildi

Veteran futbolçu dəfn edildi

4 Avqust 2014 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Azərbaycanın veteran futbolçusu Ələkbər Məmmədovla vida mərasimi keçirilib. Sportnet.az-a istinadən məlumatına görə, mərasimə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi və AFFA rəsmiləri və futbol ictimaiyyətinin digər nümayəndələri qatılıblar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev və sabiq baş məşqçisi Nazim Süleymanov, yığma komandamızın hazırkı futbolçularından Kamran Ağayev, Ruslan Abışov, sabiq futbolçularından Dmitri Kramarenko, İqor Getman və digərləri də mərhumun cənazəsi önündə fəxri qarovulda dayanıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Ələkbər Məmmədovun dünyasını dəyişməsi Azərbaycan futbolu üçün böyük itkidir. O, Məmmədovun istər futbolçu kimi, istərsə də Azərbaycan yığmasının yeni yaradıldığı vaxtlarda baş məşqçi kimi futbolumuza böyük dəstək verdiyini söyləyib. Hüseynzadə əfsanəvi futbolçunun daim qəlblərdə yaşayacağını vurğulayıb.

Vida mərasiminin ardından mərhumun cənazəsi dəfn üçün II Fəxri Xiyabana aparılıb.

Mediainfo.az