Blatter yenidən FİFA prezidenti seçilib

Blatter yenidən FİFA prezidenti seçilib

2 İyun 2011 10:32
901
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 1-də İsveçrənin Sürix şəhərində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) konqresi tərəfindən nüfuzlu beynəlxalq təşkilata növbəti 4 il müddətinə prezident seçkiləri keçirilmişdir. Səsverməyə yeganə namizəd kimi qatılan hazırkı FİFA prezidenti Yozef Blatter nümayəndələrin 91,6 faiz (203 səsvermə hüququna malik konqres üzvündən 186-sı) səs çoxluğu ilə 2015-ci ilədək tutduğu vəzifəyə təsdiqlənmişdir.

Seçkidən öncəki mərhələ qalmaqalla müşayiət olunmuşdur. Belə ki, 2018 və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsində FİFA-nın rəhbər mərtəbəsində yer alan bəzi funksionerlər rüşvət almaqda ittiham edilirdilər. Bununla bağlı məsələ o yerə çatmışdı ki, İngiltərə kimi nüfuzlu FİFA üzvü korrupsiya halları ilə bağlı qurum tərəfindən ciddi addımlar atılmadığı təqdirdə, bu təşkilatı tərk edəcəyi ilə hədələmişdi. Tutduğu vəzifəyə təsdiqləndikdən sonra Yozef Blatter rəhbərlik etdiyi qurumda islahatlar aparılacağını elan etmişdir. Dünya çempionatına ev sahibliyi edən ölkələr gələcəkdə məhdud sayda nümayəndələrdən ibarət icraiyyə komitəsi tərəfindən deyil, təşkilata üzv olan bütün milli futbol federasiyalarının təmsilçilərinin iştirak etdiyi səsvermə yolu ilə müəyyən ediləcəkdir. Eyni zamanda qurum daxilindəki korrupsiya hallarına qarşı mübarizə aparılması işinə kənardan dəvət edilmiş mütəxəssislər də cəlb ediləcəklər.

Xatırladaq ki, əslən isveçrəli olan 75 yaşlı Yozef Blatter 1998-ci ildən FİFA-ya rəhbərlik edir. İyunun 1-dəki seçki ilə Y.Blatterin sayca dördüncü prezidentlik dövrü başlanmışdır.

Deyəsən, Blatter kreslodan düşmək istəmir.

Tofiq Əliyev

O.M.