“Neftçi” klubuna ağır cəza verilib

“Neftçi” klubuna ağır cəza verilib

11 Fevral 2014 15:42
430
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XX turunun qarşılaşmaları zamanı qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Toplantının əsas mövzusu isə "Xəzər Lənkəran"la "Neftçi" arasında keçirilmiş "Böyük oyun"da yaşanan olaylar olub. Ümumilikdə, baş verən qalmaqala görə, "Neftçi" 30200, "Xəzər Lənkəran" 4000 manat cərimələnib.

İK matçda baş verənləri müzakirə etdikdən sonra müvafiq qərarlar çıxarıb. İkinci sarı vərəqə üzündən meydandan qovulan Tərlan Quliyev 1 oyunluq kənarlaşdırılıb və klubu 200 manat cərimələnib.

Qırmızı vərəqə alan digər futbolçuların cəzası daha ağır olub. "Neftçi" futbolçularına qarşı təhqiramiz jest edən Ağabala Ramazanov 3 oyunluq cəzalanıb. Cənub təmsilçisi bu səbəbdən 2000 manat ödəməlidir. Matçın gedişində azarkeşlərə qarşı qeyri-etik jest edən Mahir Şükürovun da cəzası eyni olub.

"Xəzər Lənkəran"ın gənc hücumçusunun jestini ona bağışlamayaraq, futbolçunu döyən Karlos Kardozo ilə Bruno Bertuççi "Neftçi"ni daha çox ziyana salıb. Onların hər ikisi 4 matçlıq cəzalandırılıb. Paytaxt təmsilçisi bu iki futbolçunun hərəsinə görə 4000 manat ziyana düşüb.

Qarşılaşma zamanı stadiona kənar əşya atıldığı üçün "Xəzər Lənkəran" 2000 manat ödəməli olacaq.

İK XVIII turun AZAL-la matçından sonra 5 oyunluq cəzalanan, lakin buna məhəl qoymadan "Neftçi"nin Lənkərandakı qarşılaşmasında stadiona daxil olan klub rəsmiləri – vitse-prezident Tahir Süleymanovla mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin məsələsinə baxılmayıb.

Əvəzində Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyi üçün 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunur. Verilmiş cəza onun mövcud cəzasının üzərinə əlavə edilir. Onun 5 oyunluq əvvəlki cəzasının 3 matçı hələ qaldığından ümumilikdə 13 görüşə çatıb.

Oyundan sonra "Neftçi" klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb ki, bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında "Neftçi" klubu ödəmə etməlidi.