Planetin ən güclü taekvondoçuları Bakıda

Planetin ən güclü taekvondoçuları Bakıda

23 May 2011 18:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, mayın 27-28-də Bakıda taekvondo üzrə kişi və qadınlar arasında beynəlxalq turnir keçiriləcək. Taekvondo Federasiyasından verilən xəbərə görə, Dünya Taekvondo Federasiyasının (WTF) təqviminə əsasən, "Azerbaijan Open"da yerli idmançılarla yanaşı, Türkiyə, İran, Fransa, Hindistan, Ukrayna, Rusiya və Gürcüstandan 15-dək komanda iştirak edəcək.


Azərbaycan təşkilatçı ölkə kimi yarışa 5 komanda ilə qatılacaq. Ölkəmizi Azərbaycanın 1-ci və 2-ci seçmə komandaları, eləcə də, "Neftçi", "Gömrükçü", və FHN-nin taekvondoçuları təmsil edəcəklər. Yarışın mükafatçıları Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində xallarını artırmaq imkanı əldə edəcəklər. "Azerbaijan Open" beynəlxalq turniri paytaxtın "Sərhədçi" Olimpiya Mərkəzində keçiriləcək.

İnanırıq ki, taekvondoçularımız "Sərhədçi" Olimpiya Mərkəzində qonaqların sərhədi aşmalarına imkan verməyəcək.

Bəhram Mustafabəyli

O.M.