Ronaldo ““Qızıl buts”a sahib çıxdı

Ronaldo ““Qızıl buts”a sahib çıxdı

23 May 2011 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldo karyerasında 2-ci dəfə "Qızıl buts"a sahib çıxıb. Madridin "Real" klubunun 26 yaşlı portuqaliyalı hücumçusu Avropa çempionatlarının bombardirinə verilən mükafatı qazanıb. Ronaldo cari mövsümdə bütün turnirləri nəzərə alsaq, 53 qol vurub ki, bunun 40-ı İspaniya Primerosunda olub.


Kriştianu ilk dəfə "Mançester Yunayted"də oynadığı vaxt vurduğu 31 qolla İngiltərə Premyer Liqasının bombardiri kimi "Qızıl buts"a layiq görülüb. UEFA-nın qaydalarına əsasən, Ronaldo 40 xal qazanaraq, ən yaxın izləyicisi olan "Barselona"nın argentinalı hücumçusu Lionel Messini 18 xal qabaqlayıb.


Ötən mövsüm Messi 34, bundan əvvəl uruqvaylı hücumçu Dieqo Forlan ("Atletiko", Madrid) 32 qolla 1-ci olmuşdu və göründüyü kimi, artım tempi müşahidə olunur. "Real"ın futbolçusu isə sonuncu dəfə 21 il öncə "Qızıl buts"u almışdı. Bu, madridlilərin əfsanəvi meksikalı hücumçusu Uqo Sançes (34) olub.


Qeyd edək ki, postsovet məkanında bombardir Moskva "Spartak"ının braziliyalı hücumçusu Velliton olub - 19 qol.


Premyer Liqamızın gürcü bombardiri C. Adamiya 18 qolla 18 xal toplayıb. "Qarabağ"ın hücumçusu heç ilk "150-liy"ə də düşməyib.

Qolları bomba kimi yağdırıb, "bomba" kimi uğur əldə etdi.

Bəhram Mustafabəyli

O.M.