Qusarda Beynəlxalq turnir keçirilib

Qusarda Beynəlxalq turnir keçirilib

18 May 2011 20:51
932
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş üzrə 8-cı Beynəlxalq turnir keçirilmişdir.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Tacikistan, Rumıniya, Qazaxıstandan 130 idmançı mübarizə aparmışdır.
Azərbaycan Universal Döyüş Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışlar kişilər arasında 9, qadınlar arasında isə 7 çəki dərəcəsi üzrə keçirilmişdir.
Azərbaycan bu yarışda 5 heyətlə təmsil olunmuşdur. Kişilər arasında keçirilən yarışlarda 9 çəkidən 8-də qələbəni Azərbaycan döyüşçüləri bayram etmişlər. Qadınlar arasında 4 idmançımız qızıl medal qazanmışdır. Yekun nəticəyə görə, yığmamızın üzvləri 12 qızıl, 6 gümüş, 14 bürünc medalla komanda hesabında birinci olmuşlar. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Ukrayna komandaları tutmuşlar.
Mayın 16-17-də Qusar Olimpiya İdman Kompleksi yeniyetmə və gənc universal döyüşçülərin ixtiyarına verilmişdir. 10-11, 12-13, 14-15, 16-17 və 18-20 yaşlılar arasında keçirilən yarışda respublikamızın 38 bölgəsindən 267 idmançı iştirak etmişdir.
Yarışdan əvvəl Azərbaycan Universal Döyüş Federasiyasının, Qusar Olimpiya İdman Kompleksinin rəhbərliyi və Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət etmişlər.

Könül Aypara