Azad Rəhimov Amerikanın "USA today" qəzetinə müsahibə verib

Azad Rəhimov Amerikanın "USA today" qəzetinə müsahibə verib

6 May 2011 15:24
Bəyəndim (0) Bəyənmədim (0)


Gənclər və idman nazirliyinin verdiyi məlumata görə, nazir Azad Rəhimov Amerikanın "USA today" qəzetinin müxbirləri ilə görüşüb. Görüşün əsas məqsədi qəzetin Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə hazırlayacağı məqalədə ölkədə aparılan gənclər və idman siyasəti haqqında məlumatların da geniş yer almasıdır.


İlk növbədə Azad Rəhimov gənclər və idman nazirliyinin yaranma tarixi, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının həyata keçirdiyi layihələr, "2011-2015 Azərbaycan Gəncliyi Dövlət Proqramı" üzərində gedən işlər, ölkədə təşkil olunan beynəlxalq tədbirlər, Olimpiya İdman Komplekslərinin fəaliyyəti və digər məqamlar barədə məlumat verdi.


Nazir gənclər sahəsində Azərbaycan və Amerika arasında daha maraqlı əlaqələrin qurula biləcəyini bildirdi. Azad Rəhimov: "Bizim ötən həftə Yunanıstandan qonaqlarımız var idi. Bu qonaqlar Yunanıstanın bir neçə universitetində "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri olan tələbələr idi. Bu səpkili yarışlar Amerika Universitetləri ilə də keçirilə bilər. Amerikanın bir sıra universitetlərində təhsil alan çox sayda Azərbaycanlı tələbələr var. Mən Azərbaycan gənclər təşkilatlarının Amerikanın gənclər təşkilatları ilə maraqlı əlaqələr qurmasını da istərdim."


Müsahibə əsnasında idman sahəsi ilə bağlı ikitərəfli əməkdaşlıq barədə söz açan nazir, hər iki ölkənin idmançılarının bu ölkələrdə keçirilən beynəlxalq tədbirlərə qatılmaları ilə bərabər, eyni zamanda təcrübə keçmənin mümkünlüyü haqda da danışdı. Azad Rəhimov: "Azərbaycanda çox güclü güləş məktəbi var. Amerika idmançıları bizim ölkəyə bu idman növü üzrə təcrübə keçməyə gələ bilərlər."


Daha sonra Azad Rəhimov nazirliyin gənclər və idman sahəsindəki məqsədlərindən danışarkən burada məşğulluğun, ev təminatının, təhsil, gənclər təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsinin önəmindən danışdı.


ABŞ gənclərinin Azərbaycan gəncliyindən öyrənə biləcəyi çox şeylər var. Onlardan biri idmanın hər hansı bir növüdürsə, digəri və ən əsası gənclərin böyüklərə hörmətidir...

Hafiz Əhmədov

O.M.