Bu axşam Messi Ronaldo qarşıdurması olacaq

Bu axşam Messi Ronaldo qarşıdurması olacaq

3 May 2011 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində "Real" və "Barselona" "Nou Kamp" stadionunda növbəti dəfə qarşılaşacaq. Bu oyun finala vəsiqənin sahibini müəyyən edəcək. Yarım ay ərzində iki əzəli rəqib arasında dördüncü qarşılaşma "Real"ın baş məşqçisi Joze Mourinyu üçün möhkəmlik sınağı olacaq. İkinci olmağa öyrəşməyən portuqaliyalı futbol mütəxəssisi bu mövsüm onunla barışmalı olub ki, opponenti Xose Qvardiolanı reytinq zirvəsindən endirə bilməyib. Hətta, İspaniya kubokunun finalındakı uğur da buna kömək etmədi.

İlk yarımfinal qarşılaşmasında "Barselona" Lionel Messinin dublu sayəsində 2:0 hesabı ilə qalib gəldi. Joze Mourinyu isə futbol meydanında əldə edə bilmədiklərinə başqa məkanda - mətbuatda nail olmağa çalışdı. O, öz səhvlərini etiraf etmədi, əksinə, nöqsanları hakimlərin işində axtarmağa, rəqibi təxribatçı adlandırmaqla damğalamağa və hamıdan "Real"a qarşı sövdələşmədə şübhələnməyə başladı.


Madrid klubu həqiqət axtarışında UEFA-nın intizam orqanlarınadək gedib çatdı. Lakin orada "Real"ın etirazları rədd edildi, o cümlədən, ilk qarşılaşmada müdafiəçi Pepeyə göstərilən qırmızı kart ədalətli hesab olundu. Beləliklə, portuqaliyalı futbolçu "Nou Kamp"ın tribunasında öz həmvətəninə və məşqçisinə yoldaşlıq etməli olacaq.


"Cavab oyununda missiyanın yerinə yetirilməsi mümkün deyil", - deyən Joze Mourinyu məğlubiyyətlə barışdığını göstərmək istəyib. Lakin çoxları buna inanmır. Cavab oyunu ərəfəsində rəqiblər qüvvələrini qorumağa çalışıblar. Həm "Real", həm də "Barselona" İspaniya çempionatında meydana ehtiyat oyunçuları buraxdı və hər ikisi məğlub oldu. Joze Mourinyu əsas "kozır"ı Kristiano Ronalduya istirahət verdi. Qvardiola isə müdafiə xəttinin oyunçularına, o cümlədən, kapitan Karlos Puyola fasilə imkanı yaratdı.


İki qoçun başı bir qazanda qaynayanda çox dadlı olur. Odur ki, bu oyunu seyr etməyə dəyər.

Elvin Babayev

O.M.