Mingəçevirdə cüdo üzrə xatirə turniri keçirilib

Mingəçevirdə cüdo üzrə xatirə turniri keçirilib

11 Fevral 2013 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevirdə Əfqanıstan və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Respublika üzrə cüdo turnirinin açıq zona birinciliyi keçirilib. Yarışdan əvvəl hər iki müharibənin iştirakçısı olan veteranlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra onlar qonaq qismində "Spartak" Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Mingəçevir şəhər şurasının keçirdiyi yarışa qatılıblar.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca cüdoçular qarşısında çıxış edən Mingəçevir Şəhər Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Elşən İbrahimli çıxış edərək, gənc idmançılara müasir tariximizin səhifələrindən birinə çevrilən Qarabağ və Əfqanıstan müharibəsindən danışıb. O həmçinin bildirib ki, Əfqanısatanda vuruşan oğullarımız sonradan Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstəriblər. Veteranların nitqindən sonra cüdo üzrə yarışa start verilib. Beləliklə Mingəçevir, Naftalan, Bərdə və Göyçaydan yarışa qatılan cüdoçular mükafatlar uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, bu tip yarışların keçilməsində əsas məqsəd cüdo idman növünün inkişafına, cüdoçuların ustalığının artırılması və təkmilləşdirilməsinə, o cümlədən bölgələrdə yeniyetmə və prespektivli idmançıların aşkar edilməsinə nail olmaqdır. Yarışın sonunda qalib olan cüdoçular təşkilatçı qurum tərəfindən fəxri fərman və medallarla təltif olunublar.

O.M.