Azərbaycanda 05 fevralın kriminal xronikası

Azərbaycanda 05 fevralın kriminal xronikası

6 Fevral 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 29-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Ağcabədi rayonunun Minəxorlu kənd sakini Xalid Həsənova bıçaq xəsarəti yetirmiş Nurəddin Süleymanov tutulmuşdur

05.02.2013

Fevralın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində, rayon sakini Nurəddin Süleymanov münaqişə zəminində kənd sakini Xalid Həsənova bıçaq xəsarəti yetirmişdir. X.Həsənov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Süleymanov tutulmuşdur.

Binəqədi rayon sakini Natiq Adıgözəlova bıçaqla xəsarət yetirmiş Turan Ağayev və Taleh Şamxalov tutulmuşlar

05.02.2013

Fevralın 5-də Binəqədi rayon sakinləri Turan Ağayev və Taleh Şamxalov münaqişə zəminində həmyerliləri Natiq Adıgözəlova bıçaqla xəsarət yetirmişlər. T.Ağayev və T.Şamxalov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşlar.

Münaqişə zəminində Şəmsi Nağıyevə bıçaqla xəsarət yetirmiş şəhər sakini Elyar Əlisoy tutulmuşdur

05.02.2013

Fevralın 5-də Bakının Nizami rayonu ərazisində, şəhər sakini Elyar Əlisoy münaqişə zəminində Şəmsi Nağıyevə bıçaqla xəsarət yetirmişdir. E.Əlisoy Nizami RPİ 24-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Xaçmaz rayonunun Keymərəz kəndi ərazisində Ümid Bayramova bıçaqla xəsarət yetirmiş Nemət Cəbrayılov tutulmuşdur

05.02.2013

Fevralın 5-də Xaçmaz rayonunun Keymərəz kəndi ərazisində, rayon sakini Nemət Cəbrayılov münaqişə zəminində həmyerlisi Ümid Bayramova bıçaqla xəsarət yetirmişdir. N.Cəbrayılov Xaçmaz RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.02.2013

Fevralın 5-də saat 15.30 radələrində Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisində, Biləsuvar şəhər sakini Rüstəm Bayramovun idarə etdiyi "Mercedes" və rayon sakini Rafiq Vahidovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Bayramovun sərnişinləri Müşfiq Abseyinov, Saməddin Əsgərov, Samir Əliyev oğlu və Raul İbayev, habelə R.Vahidovun sərnişini Vidadi Əliyev hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və Vidadi Əliyevin qızı 6 yaşlı Ayşən xəstəxanaya yerləşdirilmişlər. Uşağa tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə ağırdır.

Bakı şəhər sakini Seymur Səmədovun dənizdə meyiti tapılmışdır

05.02.2013

Fevralın 5-də Bakı Beynəlxalq Ticarət Limanının 7-ci körpüsünün yaxınlığında, dənizdə 30-35 yaşlı kişi meyiti tapılmışdır. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının apardıqları araşdırmalar zamanı onun Bakı şəhər sakini Seymur Səmədov olması müəyyən edilmişdir.

Mağazadan avtomobillərin ehtiyat hissələri oğurlamış Bakı şəhər sakinləri Saleh Xancanov və qardaşı Elimağa tutulmuşlar

05.02.2013

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayının 30-dan fevral ayının 4-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində, qəsəbə sakini Yusif Musayevə məxsus mağazadan avtomobillərin ehtiyat hissələri oğurlamış şəhər sakinləri Saleh Xancanov və qardaşı Elimağa tutulmuşlar.

Hacıqabul rayon sakini Nazimməd Mirzəyev tutulmuşdur

05.02.2013

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il oktyabrın 29-da Murad Nəsibovu xuliqanlıq zəminində döymüş Hacıqabul rayon sakini Nazimməd Mirzəyev tutulmuşdur. Araşdırmalar zamanı N.Mirzəyevin M.Nəsibova qarşı zor tətbiq edərək, mobil telefonunu və geyim əşyalarını alması da müəyyən edilmişdir.

Bakı şəhər sakini Rövşən Orucovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir

05.02.2013

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Əlibala Abbasovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Cherry" markalı avtomaşının sürücüsü, şəhər sakini Rövşən Orucov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Bakı şəhər sakini Ənvər Həsənovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilmişdir

05.02.2013

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Elçin Qədirovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini "Mercedes" markalı avtomaşının sürücüsü şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Oğurluq etmiş Bakı şəhər sakini Allahverdi Rəhimov tutulmuşdur

05.02.2013

Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Samir Rzayevin evindən oğurluq etmiş şəhər sakini Allahverdi Rəhimov tutulmuşdur.

Ov tüfəngindən atəş açaraq Aydın Məmmədovu və onun oğlu Emini yaralamış Bakı şəhər sakini Samir Həsənov tutulmuşdur

05.02.2013

Fevralın 5-də Yasamal rayonu ərazisindəki "Elbaro" restoranında, şəhər sakini Samir Həsənov xuliqanlıq zəminində "Sayqa" markalı ov tüfəngindən atəş açaraq, Aydın Məmmədovu və onun oğlu Emini yaralamışdır. S.Həsənov Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Avtomaşından maqnitofon oğurlamağa cəhd göstərmiş Xaçmaz rayon sakini Şirzad Alimov avtomaşının sahibi tərəfindən tutulmuşdur

05.02.2013

Fevralın 5-də Quba şəhərində, şəhər sakini Elşad Hacıyevə məxsus "VAZ-21011" markalı avtomaşından maqnitofonu oğurlamağa cəhd göstərmiş Xaçmaz rayon sakini Şirzad Alimov avtomaşının sahibi tərəfindən tutulmuşdur.

Üzeyir Yusifova və Anar Məmmədxanova bıçaqla xəsarət yetirmiş Rusiya Federasiyasının vətəndaşı Olqa Adeyeva tutulmuşdur

05.02.2013

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Üzeyir Yusifova və Anar Məmmədxanova bıçaqla xəsarət yetirmiş Rusiya Federasiyasının vətəndaşı, əvvəllər məhkum olunmuş Olqa Adeyeva tutulmuşdur.

Dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Binəqədi rayon sakini Faiq İsgəndərov ölmüşdür

05.02.2013

Fevralın 5-də Binəqədi rayon sakini Faiq İsgəndərov evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

05.02.2013

Fevralın 4-də Sumqayıt şəhər sakinləri Arzu Hüseynli və oğlu 4 yaşlı Onur, Lalə Hümbətova və Kəpəz rayon sakini Aytac Əliyeva mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindəki çörəkbişirmə sexinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir

05.02.2013

Fevralın 5-də saat 00.05 radələrində Xaçmaz rayonunun Köhnə Xudat kəndi ərazisindəki çörəkbişirmə sexinin qazanxanasında təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə qazanxananın dam örtüyü və divarları dağılmış, orada işləyən rayon sakini Aynurə Abdullayeva aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

O.M.