Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb

Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb

5 May 2022 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Oxuməni.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.

Madrid təmsilçisi İngiltərə "Mançester Siti"sini yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. "Kral klubu" səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub.

Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.

Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya "Milan"ında, 2014-cü ildə isə "Real Madrid"də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə "Liverpul"una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.