Anri Cokadze Bakıya köçəcək

Anri Cokadze Bakıya köçəcək

29 May 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)
Gürcüstan təmsilçisi planlarını Oxumeni.az-a açıqladı!

Bakıda təşkil olunmuş "Eurovision-2012" Mahnı Müsabiqəsi uğurla sona çatdı. Buna baxmayaraq, dünya, əsasən də Avropa ölkələri hələ də bu möhtəşəmlik haqda danışılmaqdadır. Azərbaycana, xüsusilə də Bakıya valeh olmuş təmsilçilər öz ölkələrində burada gördükləri qonaqpərvərlik, mehribançılıq haqda ağızdolusu danışıblar. Bu, sabiq iştirakçıların və fanatların mediaya, telekanallara verdikləri müsahibələrdən açıq-aşkar bəllidir.

Rumıniya və Yunanıstan təmsilçiləri kimi Gürcüstan nümayəndəsi Anri Cokadze də Bakıdan xoş təəssüratla ayrılıb. "Eurovision-2012" finalından öncə "Torqovıy" küçəsində yerləşən "McDonalds"da Anri ilə qısaca söhbətimiz baş tutdu. İlk əvvəl onu xatırladım ki, Cokadzeyə cavan bir qız yaxınlaşdı. Əslində, buna yaxınlaşmaq demək olmazdı. Belə ki, azəri qızı heç kimə məhəl qoymadan "Anri!", "Anri" deyə qışqıraraq təmsilçinin üstünə şığıyıb, onu möhkəm-möhkəm qucaqladı. "Səni çox, lap-lap çox istəyirəm! Sənə o qədər səs yollamışam ki! Heyf finala vəsiqə qazana bilmədin... Amma inan, mənim üçün bu müsabiqənin qalibi sənsən!" – deyib, əlindəki telefonla Anri ilə bir neçə şəkil çəkdirdi. Ardınca isə ərinmədən yolladığı mesajları təmsilçiyə göstərdi. Onu yenidən qucaqlayıb, bağrına basdıqdan sonra çıxıb getdi.

- Görürsünüz də, mənim kimi fanatlarım da üzüldü. Özümə çox arxayın idim, belə alınacağını bilməzdim. "İ am a joker!" mahnısı da məncə, kifayət qədər sevildi. Amma nədənsə səs toplaya bilmədim... Azərbaycan haqda məlumatım var. Hətta bizlərdən birinin burada yaşadığını, üstəlik fəxri ad aldığını da bilirəm. Mənim də çox xoşuma gəldi Bakı. Yeni planlarım var. Bura köçüb, yaradıcılığımı davam etdirmək istəyirəm. İnanıram ki, Azərbaycan məni də digər həmvətənim kimi /Gürcü qızı Manana nəzərdə tutulur – K.A./ bağrına basacaq!

Əlavə edim ki, Anri Cokadze tezliklə yenidən Bakıya qayıdacağını bildirib, burada yeni klipini ərsəyə gətirmək niyyətində olduğunu açıqladı.

Könül Aypara

O.M.