İlhamə Quliyeva "Eurovision-2012"də iştirak edəcək

İlhamə Quliyeva "Eurovision-2012"də iştirak edəcək

16 May 2012 15:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Təzyiqim buna yol verməsə də..."

Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinə sənətkarlarımızdan tutmuş şou-biznes nümayəndələrinə kimi hər kəs hazırdır. Əlbəttə ki, çıxış etməyə deyil, sadəcə tamaşaçı qismində. Onlardan biri də xalq artisti, şöhrət ordenli, Primadonna İlhamə Quliyevadır. "Mən Səbinəni dəstəkləyirəm, onun gözəl səs tembri var. İnanıram ki, Səbinə Babayeva ilk üçlükdə yer tutacaq. Əlbəttə, xoş olardı ki, o, birinciliyi əldə etsin. Buna layiqdir. Amma hər halda, üçlükdə yer qazanmaq da pis deyil. Bütün dünya pressi şəhərimizə qonaq gəliblər. Bunun üçün sevinməliyik. Haqqımızda dünya mediası uzun müddət danışacaq. Azərbaycanı tanımayan qalmayacaq. Şəhərimiz elə gözəlləşib ki, heç Fransadan geri qalmır. Əsasən də gecələr elə gözəl mənzərənin şahidi olursan ki! Bunun üçün əlbəttə ki, birinci xanımımıza borcluyuq. Belə şərait yaratdığına görə", - deyə mediaya açıqlama verən Primadonna "Eurovision-2012"yə dəvətli olduğunu da gizlətmədi:

- Sağ olsun təşkilatçılar, mənə dəvətnamə yollayıblar. Hər üç çıxışda olacağam. Təzyiqim buna yol verməsə də, yuxuma haram qatıb qalacağam! Səbinəni dəstəkləyəcəyəm. Dünyada yaşayan həmvətənlərimdən, dostlarımdan da bunu xahiş edirəm. Səbinəyə dəstək olsunlar. Nə olsun ki, ötən il qalib biz olmuşuq? Bəlkə elə bu il də biz olduq? Şansımız var, özü də böyükdür. İstifadə etməliyik! Uğurlar Səbinəyə!

Könül Aypara