ARAŞDIRMA: Dünya kino ulduzlarının eybəcərlikləri

ARAŞDIRMA: Dünya kino ulduzlarının eybəcərlikləri

15 May 2012 14:24
Bəyəndim (0) Bəyənmədim (0)
Kino sənətinin mərkəzi sayılan Hollivud həm də kriminal aləmin beşiyi imiş

PƏRDƏ ARXASI

Hollivud kinoları dünya üzrə məşhurdur. Bu gün hər bir ölkədə milyonlarla tamaşaçı kütləsi həmin filmləri həvəslə izləyir. Belə ki, bu ekran əsərlərində qəhrəmanlıq, xeyrin şər üzərində qələbəsi, dünyanın terrorçulardan xilas edilməsi və bu kimi şücaətlər tərənnüm olunur. Lakin nə qədər qəribə səslənsə də, qəhrəman obrazlarını yaradan aktyorlar həyatda bunun əksini yaşayırlar. Başqa sözlə desək, onların yaratdığı obrazlar heç də öz xasiyyətlərini əks etdirmir. Tam tərsinə, mənfi obrazları təcəssüm edir. Görünür, ulduz xəstəliyinə tutulmuş aktyorlar qazandıqları astronomik pulların təsiri altında başlarını itiriblər.

QARƏT

1966-cı ildə Heddi Limar adlı tanınmış aktrisa Los-Anceles şəhərindəki Mau So dükanından 86 dollarlıq kosmetika oğurladığı anda polislər tərəfindən ifşa olundu. Bu insident onun imicinə zərbə vurdu. Xeyli çək-çevirdən sonra Heddi Limar cinayət məsuliyyətindən yaxa qurtara bildi. Lakin oğurluq həvəsi 1991-ci ildə də həmin aktrisanı biabır etdi. Belə ki, 78 yaşlı aktrisa Florida şəhərindəki apteklərin birindən dərman oğurlayarkən ələ keçdi. Onun yaşlı olduğunu nəzərə alaraq, cinayət işinə xitam verildi. 2001-ci ildə Vaynona Rayder də "Saks" supermarketindən 40 dollarlıq ucuz kosmetikalar oğurlayarkən tutuldu. Onun milyoner olması hər kəsi təəccübləndirdi. Odur ki, xanımı cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, 480 saatlıq ictimai işə cəlb olunmaqla cəzalandırdılar.

AVTOŞLUQ

ABŞ yollarında sürücülər əsasən qayda-qanunla hərəkət edirlər. Lakin bu qanun nədənsə Hollivud ulduzlarına şamil edilmir. Onlar öz avtomobillərini spirtli içkilərin və narkotik maddələrin təsiri altında sürməyi sevirlər. Bu zaman təbii ki, heç bir yol hərəkəti qaydalarına əməl etmirlər. Kianu Rivz, Nik Nolt, Ceyson Pristli, Kris Kleyn, Kristian Sleyter, Oliver Stoun və başqaları dəfələrlə yollarda xuliqanlıq etdikləri üçün polislər tərəfindən yaxalanıblar. Məsələn, Corciya ştatının polisləri 240 km/saat sürətlə şütüyən Kris Takeri bir neçə saat izləməli olublar. 2000-ci ildə avtomobil qəzası törədən Holli Berri isə ümumiyyətlə polisləri saymayaraq hadisə yerindən gedib.

MAFİYA

Tanınmış caz ustası Frenk Sinatra haqda 1963-cü ildə çıxan məqalə hamını təəccübləndirdi. Məlum oldu ki, onun sahibi olduğu hotel mafiya ilə birbaşa əlaqədədir. Daha dəqiq desək, caz-menin şəriki 80 dəfə həbsxanaya salınmış, 200 nəfəri qətlə yetirmiş mafiya başçısıdır. Sən demə, Frenk Sinatranın konsertlərini mafiya təşkil edirmiş və onun populyar olmasında kriminal aləmin müstəsna rolu olmuşdur. Heç təsadüfi deyil ki, caz-menin dostları sırasında Kapone qardaşları, Laki Luçano, Sem Cinkina kimi avtoritetlərin adları sadalanmışdı.

AİLƏDƏ GÜC FAKTORU

Aktyorlar da adi adamlar tək ailədə problemlərlə rastlaşa bilirlər. Onların arasında məsələni güc hesabına həll etməyə üstünlük verənlər də var. Çarli Şin, Tommi Li, Tom Sayzmor kimi tanınmış aktyorlar dəfələrlə həyat yoldaşlarını döydükləri üçün polisə izahat verməli olublar. Bu yerdə Mikki Rurkun adını çəkmək yerinə düşərdi. Sən demə, sabiq boksçu məşqlər zamanı tərəf müqabillərini canlı hədəf əvəzi istifadə edirdi. Daha doğrusu, onları divara asıb, üzərilərində məşq edirdi. Bundan əlavə, çəkiliş meydanlarına sərxoş və hallı vəziyyətdə gəlib, rejissorlarla, prodüserlərlə əlbəyaxa döyüşlərə girirdi.

2003-cü ildə tanınmış aktyor Kristian Sleyterin arvadı onun başını qalın stəkanla parçalamışdı. Bu hadisədən sonra aktyorun başına 20 tikiş qoydular və o, arvadından boşandı.

ZORLAMA

Hələ 1942-ci ildə rejissor Errol Flinn 3 qadını zorladığı üçün həbsə alınmışdı. Sonuncu qadın aldığı zədələrdən dünyasını dəyişmişdi. 1977-ci ildə isə Roman Polanski 13 yaşlı yeniyetməni zorladığı üçün tutuldu. Bu yaxınlarda isə Hyu Qrant Nyu-York küçələrində qadınlara əl atdığına görə polislər tərəfindən yaxalandı. Rejissor Viktor Salva və aktyor Ceffri Cons isə 12 yaşlı yeniyetmələri porno-filmlərə çəkdikləri üçün qanunla problem yaşamalı oldular.

XULİQANLIQ

1994-cü ildə aktyor Cek Nikolson qolf ağacı ilə biznesmenin maşınını əzmişdi. Səbəb çox gülməli idi. Belə ki, biznesmen svetoforda onun yolunu kəsdikdən sonra aktyor bərk əsəbiləşmişdi. Digər Hollivud ulduzu Za Qabor isə ona cərimə fakturasını təqdim edən polisi döyməklə tarixə düşdü. 2002-ci ildə Vudi Harrelson qarşısında gedən London taksisini arxadan vurmaqla çoxlarını təəccübləndirdi. O, polisə verdiyi ifadədə belə yazırdı: "qabağımdakı taksi mənim fikrimcə, çox ləng sürürdü. Hirsimdən sürəti artırdım və onun maşınını bilərəkdən əzdim. Əməlimdən peşman deyiləm."

Rassel Krou isə sonuncu çəkildiyi "Nokdaun" filmində boksçu obrazını canlandırırdı. O, həddən artıq qızışaraq, öz cangüdəni ilə əlbəyaxa dalaşmağa başladı. Ümumiyyətlə, bu aktyor izafi aqressivliyi ilə fərqlənir. O, Avstraliyadakı gecə klublarının birində müştərilərə sataşaraq, davaya səbəb olmuşdu. "Qladiator" filminin qəhrəmanı Rassel Krou Nyu-Yorkdakı hotellərin birində də dava salmışdı. O, telefon aparatı ilə hotel işçisinin başını yarmışdı. Buna görə aktyor 7 il həbs cəzası ala bilərdi. Odur ki, cəld tərpənərək, xəsarət alana 100 min dollar pul verdi və insident qapandı.

ƏRKÖYÜNLƏR

Kortni Lav da qalmaqallar siyahısından düşmür. O, narkomanlıq, xuliqanlıq, davakarlıq, məhkəməyə hörmətsizlik ucbatından dəfələrlə qanun qarşısında dayanmalı olub. Axırıncı 3 il ərzində o 3 nəfərə fiziki xəsarət yetirib.

2004-cü ildə tamaşaçı izdihamından təngə gəlib və tanımadığı 24 yaşlı oğlanın başını yarıb.

MÜƏLLİFDƏN:

Hollivud ulduzlarının "ərköyünlüyü" barədə çox yazmaq olardı. Fikrimcə, buna ehtiyac yoxdur. Sizə təqdim etdiyimiz bu məqalədə ABŞ şou-biznesinin ümumi mənzərəsini görmək mümkündür. Maraqlıdır ki, bu hal bizim şou-biznesə də xasdır. Bir müddət bundan əvvəl tanınmış müğənnilərdən birinin yekcins məhəbbət görüntüləri internetdə yayılmışdı. Adını çəkmək istəmədiyimiz bəzi müğənnilər hələ də narkoman olduqlarına görə qanunla problemlər yaşayırlar. Bir nəfər isə narkotikin təsiri altında altı nəfərlə cinsi əlaqədə olub, kəskin qanaxma ilə xəstəxanaya düşmüşdü. Göründüyü kimi, bizim səhnə aləmində də eybəcərliklər mövcuddur. Çünki nədənsə sənət adamları bir şeyi unudurlar, sənət sərhədsiz olmalıdır, sənətkar yox. Əks halda, sərhədi aşmaqla tamaşaçıların sevgi məkanını tərk etmək təhlükəsi var.

Könül Aypara

O.M.