“Məqsədim şou-biznesdən incəsənət aləminə keçməkdir”

“Məqsədim şou-biznesdən incəsənət aləminə keçməkdir”

17 Aprel 2012 12:17
Bəyəndim (0) Bəyənmədim (0)
Fərdi qaydada fortepiano dərsləri alan Yaqut Nəriman bu il Bakı Musiqi Akademiyasına daxil olmağa hazırlaşır

Musiqi ruhun qidasıdır. Bu baxımdan keyfiyyətli musiqi faydalı qida sayılır. Deməli, onu bizə təqdim edəni ruhun loğmanı adlandırmaq olar. Müdrik loğman o kəsdir ki, təbiətdən bəhrələnsin və daim təkmilləşmək yolunda olsun.

Budəfəki xəbərimiz gənc və istedadlı müğənni Yaqut Nərimandandır. Müğənni ekranlarda az-az görünsə də, yaradıcılığında yeniliklərə ara vermir. Belə ki, bu günlərdə bəstəkar Arif Səlimovla işbirliyinə başlayıb. Yeni solo ifalar və duetlər hazırlanmaq ərəfəsindədir.

Bundan başqa, Yaqut Nəriman Azərbaycan xalq mahnılarını yeni versiyada tamaşaçılara təqdim etməyə hazırlaşır. Artıq bir neçə mahnının studiya yazıları tamamlanmaq üzrədir.

Durmadan öz üzərində çalışan müğənni fortepianoda ifasını mükəmməlləşdirmək üçün bu yöndə fərdi dərslər alır. Müğənninin oxumeni.az-a verdiyi məlumata görə, o, cari tədris ilində Bakı Musiqi Akademiyasına daxil olmaq fikrindədir. Məhz bu səbəbdən fortepiano təhsili alır: "Çox şükür, toylar var, dəvətlərin ardı-arası kəsilmir. Əsas cansağlığıdır. Can sağlam olduqca müğənni öz üzərində çalışmaqla hər bir zirvəni fəth edə bilər. Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, öz işimdən zövq alıram və bu sənətdə bir çoxlarını geridə qoya bilmişəm. Sözün yaxşı mənasında rəqabət apardıqca, rəqiblərimin sayı azalır. Mən boş vaxtlarımda dəniz kənarında olmağı sevirəm. Dənizdən aldığım ilham birbaşa sənətimə sirayət edir və yaradıcılığa yeni nəfəslə qayıdıram. Məqsədim sənətimi daha da təkmilləşdirməklə şou-biznesdən incəsənət aləminə keçməkdir."

İncəsənət sənətin ən incə növüdür. Çünki ruha xitab etməyin incəliklərini bilməyi tələb edir...

Könül Aypara

O.M.