VİDEO:"Toylar kralı-4"də maliyyə fırıldağı aşkar edildi

VİDEO:"Toylar kralı-4"də maliyyə fırıldağı aşkar edildi

11 Aprel 2012 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
"Toylar Kralı" adından məhrum olan Nail Laçınlının məhkəmə iddiaları qeyri-müəyyən səbəblərdən təmin olunmur

Bu gün Azərbaycanın teleməkanında ən müxtəlif müsabiqə və yarışmalar xeyli populyarlıq əldə edə biliblər. Demək olar ki, hər gün on minlərlə vətəndaşımız əsasən şou xarakterli bu yarışmaları izləməklə yanaşı, həm də onların nəticələrinə təsir etmək imkanlarına malikdirlər. Belə ki, əsas etibarı ilə müxtəlif musiqi yarışmalarından ibarət olan bu kimi müsabiqələrin qalibləri də əksər hallarda məhz tamaşaçıların bu və ya digər iştirakçıya ünvanladıqları səs çoxluqları ilə müəyyənləşdirilir. Amma bu səsvermənin ümumi sxemi yəqin ki, tamaşaçıların əksəriyyətinə tam dəqiqliyi ilə məlum deyil.

Çoxları belə düşünə bilər ki, onların telefon vasitəsilə göndərdikləri SMS-lər birbaşa efirdə əks olunan cədvələ daxil edilir. Lakin əslində bu proses bir qədər fərqli həyata keçirilir. Belə ki, rabitə operatorları tərəfindən ötürülən SMS-lər ilkin olaraq tele-şirkətlə müqavilə əsasında xidmət göstərən üçüncü bir şirkətə daxil olur. Yalnız bu şirkət tərəfindən emal edildikdən sonra tamaşaçıların SMS-ləri artıq qəbul olunmuş "səslər" kimi efirə ötürülür. Əlbəttə ki, SMS-lərin emalı da zəruri prosesdir. Diqqət etmisinizsə, əksər müsabiqələrin səsvermə prosedurlarında hər bir iştirakçı üçün bir neçə SMS nömrəsi təqdim olunur. Bu nömrələr müvafiq olaraq 1, 10, 50 və s. saylarda səsin bir SMS-lə göndərilməsi üçün nəzərdə tutulur. SMS-lərin emalı prosesi də ilk növbədə məhz elə bu sayların dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur. Təbii ki, bu zaman xidmət göstərən şirkətin obyektivliyi və qərəzsizliyi tam təmin olunmalıdır. Maraqlıdır ki, əksər hallarda SMS göndərən tamaşaçı nəticə etibarı ilə öz halal pulunu etibar etdiyi həmin şirkəti qətiyyən tanımır. Bu zaman yazılmamış qaydalara əsasən, obyektivliyin təminatçısı kimi müsabiqəni efirə verən tele-şirkətin nüfuzu çıxış edir. Əlbəttə ki, tele-şirkət müqavilə bağladığı digər şirkətin fəaliyyətinə görə tam məsuliyyət daşıya bilməz. Lakin bu məsələlər artıq, necə deyərlər, pərdəarxası prosedurlar zamanı həll olunur. İstənilən halda SMS-lərin emalı xidmətini göstərən şirkətlər malik olduqları imkanlardan öz bildikləri kimi yararlana bilərlər.

Bu günlərdə reaksiyamıza müraciət etmiş bir müsabiqə iştirakçısı da məhz konkret faktlar və rəqəmlər təqdim etməklə həmin şirkətlərdən birini səsvermə nəticələrini saxtalaşdırmaqda ittiham etmişdir. Xatırlayırsınızsa, ölkənin aparıcı telekanallarından birində yayımlanan "Toylar kralı-4" musiqi müsabiqəsinin 03 avqust 2011-ci il tarixində baş tutmuş final yarışmasının iki iştirakçısından biri də müğənni Nail Laçınlı idi. Yarışmanı izləyən tamaşaçılar yəqin bunu da xatırlayırlar ki, yekun nəticələrə görə, Nail Laçınlı müsabiqəni ikinci yerdə başa vurmuş, qələbə və "Toylar kralı" titulu isə digər iştirakçıya nəsib olmuşdu. Lakin əminliklə deyə bilərik ki, hadisələrin sonrakı inkişafından, daha dəqiq desək, Nailin hesablamaların nəticələrinə etiraz bildirməyindən və araşdırmaların hətta məhkəmə salonlarına qədər gedib çıxmağından geniş tamaşaçı auditoriyasının əsla xəbəri yoxdur. Bütün bu məsələlər isə Nail Laçınlının lehinə tək bir nömrədən göndərilən 14000 səsin şirkət tərəfindən emalından sonra efirə 10000 səs kimi təqdim olunmasının aşkar edildiyindən sonra ortaya çıxmışdır.

İlk növbədə qeyd edək ki, "Toylar kralı-4" musiqi müsabiqəsinin gedişində SMS-ləri qəbul və emal edən şirkət kimi "Azon" MMC çıxış etmişdir. Elə Nail Laçınlının da bütün ittihamları məhz bu şirkətə qarşıdır. Qeyd edək ki, həmin müsabiqədə iştirakçılara səs göndərmək üçün iki rabitə operatorunun "Aztelekom" İB və "Azercell Telekom" MMC-nin xidmətlərindən istifadə etmək olardı. Beləliklə, ilk növbədə Nail və müsabiqə zamanı onu müşayiət etmiş şəxslər final yarışmasının son dəqiqələrində səslərin hesablanmasında qeyri-obyektivliyə yol verildiyini aşkar ediblər. "Azon" MMC tərəfindən təqdim olunmuş xronometrajda da göstərilir ki, Nailin topladığı səslərin sayı saat 23:49:01-də 12914 olduğu halda, bu göstərici saat 23:52:45-də artaraq 23599-a çatır. Lakin "Aztelekom" İB-nin təqdim etdiyi arayışda aydın göstərilir ki, həmin gün saat 23:51:44-də bu operatorun bir məlum abunəçisi tərəfindən Nail Laçınlının nömrəsinə 14000 SMS göndərilmişdir. "Azon"un göstəricilərinə görə isə artım yalnız 10685 SMS olmuşdur. Nəzərə alsaq ki, 685 SMS digər abonentlər tərəfindən göndərilmişdir, şirkətin səslərin emalı zamanı 4000 SMS "itkisinə" yol verdiyi aşkar olunur. Təbii ki, Nail Laçınlının etirazları "Azon" MMC tərəfindən qəbul edilmir və bundan sonra müğənni hüquqlarının təmin olunması üçün Səbail rayon məhkəməsinə müraciət edir. Məhkəmə araşdırmaları zamanı isə digər maraqlı faktlar ortaya çıxır.

İlk növbədə Nail Laçınlı "Aztelekom" İB və "Azercell Telekom" MMC-dən müsabiqənin hər iki finalçısına göndərilmiş SMS-lərin sayını ayrılıqda təqdim etmək tələbini irəli sürür. "Aztelekom" İB ilə bu baxımdan heç bir problem yaranmır. Birliyin təqdim etdiyi arayışa əsasən tamaşaçılar tərəfindən göndərilən SMS-lər belə bölünür: Nail Laçınlı 14899 səs və digər iştirakçı 690 səs. Lakin "Azercell Telekom" MMC texniki səbəblərə görə yalnız ümumilikdə SMS-lərin sayı barədə hesabat təqdim edərək onların paylanması haqda məlumatın yalnız "Azon" MMC tərəfindən verilə biləcəyini bəyan edir. Yeri gəlmişkən, artıq bu məqam da özü-özlüyündə "Azon"un göstəricilərlə istədiyi kimi manipulyasiya etmə imkanlarına malik olduğundan xəbər verir. Beləliklə, "Azercell Telekom" MMC-nin arayışına görə, bu operator vasitəsilə daxil olan SMS-lərin ümumi sayı 15630 olmuşdur. Təbii ki, belə bir vəziyyətdə məsələnin ilk ağıla gələn həlli yolu kimi məhkəmə tərəfindən "Azercell Telekom" MMC xətti ilə daxil olan SMS-lərin paylanması barədə "Azon" MMC-dən arayışın tələb olunması və bunun əsasında nəticələrin yenidən hesablanması olardı. Lakin görünür, işi aparan hakim problemə tam fərqli prizmadan yanaşır və araşdırmaları sona çatdırmadan 17.11.2011-ci il tarixli qətnaməyə əsasən, Nail Laçınlının iddiasını rədd edir. Bundan sonra müğənni 09.02.2011-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə həmin iddia ilə müraciət edir. Nailin dediklərinə görə, hakim İsmayıl Vəliyev ilk iclaslar zamanı araşdırmaların həqiqətən də böyük dəqiqliklə həyata keçirilməsini təmin edir. Belə ki, "Azon"u təmsil edən əməkdaş hakimin təkidlə ona ünvanladığı "Azercell Telekom" MMC-dən daxil olan SMS-lərin paylanması ilə bağlı sualı cavablandırmaq məcburiyyətində qalaraq 15630 səsdən 8278-nin Nail Laçınlıya, 7352 səsin isə digər iştirakçıya aid olduğunu bildirmişdi. 22.02.2012-ci il tarixində keçirilmiş növbəti iclas zamanı isə məhkəmə tərəfindən "Azon" MMC-yə qarşı bu rəqəmləri təsdiq edən rəsmi sənədin təqdim olunması tələbi irəli sürüldü. Lakin məhkəmənin 07.03.2012-ci il tarixində keçirilmiş növbəti iclas zamanı "Azon" MMC-nin əməkdaşları göstəricilərin şirkətin kompüterinin yaddaşından silindiyini bəyan edirlər. Hakim İsmayıl Vəliyev isə bundan sonra Nail Laçınlının iddiasını əsassız hesab edərək rədd edir...

Ən maraqlısı isə budur ki, hətta "Azercell Telekom" MMC-dən daxil olan SMS-lərin paylanmasının digər iştirakçının xeyrinə hesablanması belə yenə də Naili birincilikdən məhrum etməyə kifayət etmir. Belə ki, müsabiqənin finalında Nailə səs vermiş tamaşaçılardan biri məsələdən xəbərdar olduqdan sonra göndərdiyi SMS-lərin müqabilində "Azercell Telekom" MMC-dən aldığı hesab-fakturanın nüsxəsini özü müğənniyə təqdim etmişdir. Həmin sənədə görə, bu tamaşaçı Nailə 900 SMS göndərmişdir. Gəlin hesab edək ki, "Azercell Telekom" MMC-dən göndərilmiş qalan bütün SMS-lər bu 900 səs istisna olmaqla digər iştirakçıya aid olmuşdur. Məlum olduğu kimi münsiflərin səsləri də hər iştirakçıya 800 olmaqla yarı bölünmüşdü. İndi bunları nəzərə alaraq yekun nəticələri bir də hesablayaq. Nail Laçınlı: "Aztelekom" İB-dən 14899 səs, "Azercell Telekom" MMC-dən 900 səs və münsiflərdən 800 səs olmaqla cəmi 16599 səs. Digər iştirakçı: "Aztelekom" İB-dən 690 səs, "Azercell Telekom" MMC-dən 14730 səs və münsiflərdən 800 səs olmaqla cəmi 16220 səs. Deməli, elə bu nəticələr də artıq Nail Laçınlının qalib olmasını tam təsdiq edir. Amma "Azon" MMC-nin saxtakarlığa əl atması başqa bir məqamda da özünü təsdiq edir. Belə ki, iki rabitə operatorunun məhkəməyə təqdim etdikləri rəsmi arayışlara əsasən, ümumilikdə "Azon" MMC-yə daxil olan SMS-lərin cəmi (münsiflər heyətinin verdiyi səslər də daxil olmaqla) sayı 32819 olmuşdur. "Azon" MMC-nin təqdim etdiyi sənədə əsasən isə bu say Naildə 23977 və digər iştirakçıda 31004 olmaqla cəmi 54981 təşkil etmişdir. Artıq çıxan 22162 səsin mənşəyi isə təbii ki, məlum deyil. Amma təəssüflər olsun ki, bütün bu məqamlar hər iki instansiya məhkəmələrinin diqqətindən yayınmışdır. Nəticədə isə Nail Laçınlının hüquqları təmin olunmamış qalmışdır. İndi isə onun bütün ümidləri məsələnin Ali məhkəmədə daha dəqiqliklə araşdırılmasına bağlıdır...

O.M.