Qohumları öldürdükləri biznesmeni girov kimi satdılar

Qohumları öldürdükləri biznesmeni girov kimi satdılar

9 Aprel 2012 15:19
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Sonuncu qatil 9 ildən sonra - 27.03.2012-ci ildə yaxalandı

NİGARANÇILIQ

Yanvar ayının 15-i... Tanınmış biznesmen Knyaz Məmmədov adəti üzrə şəxsi maşınına əyləşib tikinti obyektinə yollanır. Amma həmişəkindən fərqli olaraq, bu dəfə geri dönmür. Ailə üzvləri ondan nigaran qaldıqlarından dəfələrlə iş yerinə zəng vururlar. Lakin burada biznesmenin günortadan çıxıb getdiyini bildirirlər. İş adamının birdən-birə müəmmalı şəkildə yoxa çıxması onun yaxınlarını təşvişə salır. Digər tərəfdən isə mobil telefonun söndürülməsi bu narahatçılığı birə-beş artırır. İş adamının harada olmasından narahatçılıq keçirən qardaşları onun işlədiyi tikinti sahəsinə yollanırlar. Burada məlum olur ki, Knyaz uzaq qohumu Umudla birgə harasa çıxıb. Belə olan halda onlar Umudun evinə zəng vurub əlaqə saxlayırlar. Umud bu faktı təsdiqləyir. Lakin Knyazın ondan ayrıldıqdan sonra yas yerinə və banka gedəcəyini bildirir.

Knyazın yaxınları ertəsi gün Nərimanov RPİ-nə gələrək hadisə barədə məlumat verirlər.

Knyazın yoxa çıxmasından iki gün keçmiş onun qardaşı İsgəndərin telefonuna naməlum zəng gəlir. Zəng vuran şəxs rus dilində danışaraq, Knyazın onlar tərəfindən oğurlandığını bildirir. Daha sonra isə girovun azad olunması üçün 500.000 ABŞ dolları verilməsini tələb edir. Naməlum şəxs İsgəndəri inandırmaq üçün Knyaza məxsus maşının Binə hava limanında saxlanıldığını bildirir.

Həmin gündən etibarən İsgəndərin telefonuna müxtəlif vaxtlarda eyni məzmunda bir neçə dəfə zəng gəlir. Knyazın oğurlandığını güman edən qardaşlar onun azad olunması üçün zəng vuran şəxslə razılaşırlar. Sonuncu dəfə yanvar ayının 31-də İsgəndər zəng vuran adama 150.000 ABŞ dolları topladıqlarını söyləyir.

ADAM OĞURLUĞU PLANI

Sən demə, iş adamının oğurlanması planı hələ 2002-ci ilin dekabr ayında hazırlanıbmış. Plana əsasən, Umud qohumu Knyazı aldadıb yaşadığı evə gətirməli, Miryusif (Umudun qaynı) və Rəşad isə (Miryusifin dostu) onu öldürdükdən sonra azad olunması adı ilə yaxınlarından külli miqdarda pul istəməli imiş. Beləcə, hər üçü razılığa gələrək Knyazı oğurlamaq üçün əlverişli məqam axtarırlarmış.

Qurduqları planı həyata keçirmək məqsədilə Miryusiflə Rəşad iki ədəd qızdırıcı radiatoru Hövsandakı kiçik gölün ətrafına gətirərək orada gizlətməyi də unutmayıblar.

UZAQ QOHUM

Əslində, Umudla Knyaz qohum idilər. Knyaz və onun qardaşları həmişə Umudu özlərinə yaxın adam hesab edirdilər. Hətta Umud Dubayda telefon oğurladığına görə məsuliyyətə cəlb edilərkən Knyaz və qardaşı İsgəndər onun azad olunmasında köməklik göstərmişdilər. Dəymiş ziyanın ödənilməsindən ötrü Knyaz Dubaya pul da köçürmüşdü. Axı haradan biləydilər ki, zaman keçəcək, qardaş deyib özlərinə yaxın bildikləri bu insan onları fəlakətə sürükləyəcək.

AĞ YALAN

Bu niyyətlə Knyazın Həsən Əliyev (keçmiş İnqilab) küçəsində inşa etdirdiyi tikintiyə gələn Umud onunla görüşüb hal-əhval tutdu. Qohumuna öz evini satmaq istədiyini deyərək, onun inşa etdirdiyi binadan mənzil almasına yardımçı olmasını xahiş etdi. Umudun dediklərinə inanan Knyaz onunla birgə mənzilə baxmağa yollandı. Həmin vaxt isə orada onları Miryusif və Rəşad gözləyirdi. Baş verəcək faciədən xəbərsiz olan Knyaz maşını darvazanın qarşısında saxlayaraq Umudla birgə həyətə daxil oldu.

AMANSIZ QATİLLƏR

Knyaz qohumunun yeni tikdirdiyi evə baxıb həyətə çıxarkən Miryusif səsboğucu tapança ilə ona kürək nahiyəsindən atəş açdı. Knyazın yerə yıxıldığını görüb baş nahiyəsindən daha bir neçə güllə vuraraq onu qətlə yetirdi. Bundan sonra Knyazın üst-başında və ona məxsus "Mercedes -240" markalı avtomobildə axtarış aparıldı. Nəticədə biznesmenin 5000 dollar nağd pulu, 3000 dollar dəyərində "Bricit" markalı qol saatı, mobil telefonu və başqa əşyaları ələ keçirildi.

Miryusiflə Rəşad Knyazın maşınını sürüb Binə hava limanına apardılar. Maşını orada qoyub taksi ilə yenidən Umudun evinə qayıtdılar. Mərhumun meyitini sellofana bükərək "Jiquli" markalı avtomaşının yük yerinə qoyub Hövsan qəsəbəsinə sarı istiqamət aldılar. Kiçik gölün yanında maşını saxladılar. Meyiti əvvəlcədən oraya gətirdikləri metal batareyalara bağlayaraq, gölün dərin yerinə aparıb batırdılar. Qəsəbədən çıxarkən Miryusif Knyaza məxsus kürkü dənizə axıdılan çirkab sularının içərisinə tulladı.

Qayınıgili yola salan Umud evdə qalaraq cinayətin izini itirmək məqsədi ilə həyətindəki qan izlərini yuyub təmizlədi. Sonra isə heç kəsdə şübhə doğurmamaq üçün uzaq qohumunun yas mərasiminə getdi.

TƏKLİF

Hadisədən dərhal sonra Miryusiflə Rəşad paytaxtda qalmayıb Ukraynanın Luqansk şəhərinə yola düşdülər. Orada olduqları müddətdə Miryusif keçmiş hərbi xidmət yoldaşı Aleksandr Boykoya hadisə barədə məlumat verərək ondan biznesmenin qardaşı İsgəndərlə telefon əlaqəsi saxlamağı və onun azad olunması üçün 500.000 dollar istəməyi xahiş etdi. Aleksandr dostunun təklifi ilə razılaşdı. O, İsgəndərlə telefon əlaqəsi saxlayaraq qardaşının avtomobilinin hava limanının avtodayanacağında olduğunu deyib, "girov"un azad olunması üçün külli miqdarda pul tələb etdi. Bir neçə telefon danışığından sonra Knyazın yaxınları 150 min dollar verməyə razı olduqlarını bildirdilər. Aralarındakı razılaşmaya əsasən biznesmenin qardaşı Bakı-Kiyev qatarı ilə pulları qarşı tərəfə çatdırmalı idi.

Bu müddət ərzində Miryusif mütəmadi olaraq qohumu Umudla əlaqə saxlayırdı. Umud ona vəziyyətin sakit olduğunu, İsgəndərin pul toplamaqla məşğul olduğunu xəbər verirdi.

Beləcə, mərhumun qardaşı İsgəndər tələb edilən məbləği götürərək qatarla Kiyevə yola düşdü. Smela şəhərinin "Şevçenko" stansiyasında olarkən Aleksandr İsgəndərin mobil telefonuna zəng vuraraq iki gündən sonra Knyazın azad olunacağını deyib, pulları pəncərədən atmağı tapşırdı. İsgəndər onların tapşırığını yerinə yetirərək pul bağlamasını pəncərədən bayıra atdı. Miryusiflə Aleksandr əskiyə bükülmüş 150.000 ABŞ dollarını götürüb tez-tələsik oradan uzaqlaşdılar.

Əldə etdiyi məbləği Rəşadla bölüşmək istəməyən Miryusif evə gələrək qatardan atılan pulu tapa bilmədiklərini dedi. Bir neçə gündən sonra isə qatara bilet alaraq Rəşadı Bakıya yola saldı. Miryusif cinayət yolu ilə əldə etdiyi 150.000 dollardan gördüyü "işə" görə bir qismini Aleksandra, 15.000 dollarını Bakıda borclu qaldığı Əhməd Hüseynova verdi. Pulun 37.000 dollarını isə metal qutuda Əli Bayramlı (indiki Şirvan) şəhərində yaşayan qayını Vaqifin həyətindəki ayaqyolunda gizlətdi.

İsgəndər isə qardaşının azadlığa buraxılacağını güman edib Bakıya qayıtdı. Amma 150.000 dolların ödənilməsindən bir ay keçsə də, nə Knyaz gəlib çıxdı, nə də pulları tələb edənlər bir daha Məmmədovlar ailəsi ilə əlaqə saxladı. Yalnız Rəşad Novruzov yaxalandıqdan sonra meyitin yerini göstərdi. Mərhum Knyaz Məmmədovun meyiti 27 mart 2003-cü ildə Hövsan qəsəbəsində yerləşən göldən tapıldı.

MÜTTƏHİMLƏR HAQLA QISA ARAYIŞ:

1. Novruzov Rəşad M.oğlu - 1970-ci ildə Bərdə rayonunda anadan olub. Əvvəllər məhkum edilib. Evlidir. Orta təhsillidir. Bakı şəhəri, Babək prospekti, ev 79-da yaşayır. AR CM-nin 120.2.1, 120.2.5, 120.2.10, 120.2.11, 178.3.1, 178.3.2, 181.3.1, 181.3.2, 217.2, 228.3, 304.1, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinir.

2. Nəsirov Umud K.oğlu - 1953-cü ildə Qərbi Azərbaycanın Masis rayonunun Rəncbər kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Evlidir. Ali təhsillidir. Əvvəllər poliklinikada həkim-terapevt vəzifəsində çalışıb. Bakı şəhəri, Bakıxanov qəsəbəsi Hacınski küçəsində yaşayır. AR CM-nin 120.2.1,120.2.5, 120.2.11, 178.3.2, 181.3.1, 181.3.2, 217.2, 228.3,326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Təqsirləndirilən şəxs qismində dindirilən Rəşad ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildi:

- Mən nə Knyazı, nə də onun qardaşlarını tanımamışam. Onların barəsində mənə Miryusif danışıb. Miryusiflə 9 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdum. Burada dostlaşmışdıq. Əvvəl dost olsaq da, indi düşmənəm. Çünki burada oturmağımın səbəbkarı odur. O vaxtlar Miryusif silah alverinə, mən isə adam öldürdüyümə görə həbs edilmişdim. 1997-ci ildə o, azadlığa buraxıldı. Mən isə 2002-ci ilin yayında cəzamın yerdə qalan hissəsini çəkmək üçün 7 saylı cəzaçəkmə müəssisəsinə göndərildim. Növbəti görüşlərimizin birində Miryusif mənə Knyaz adlı varlı qohumu olduğunu deyərək, onu oğurlayıb yaxşı pul almaq istədiyini bildirdi. Dedim ki, sənin kəndçindir, sən oğurlaya bilməzsən. Çünki səni tanıyacaq. O isə mənə "Güllələyəcəm, sonra diri adam kimi yaxınlarından pul istəyəcəm," - dedi. Umudu Miryusifə görə tanımışam. Umud Miryusifin bacısının əri idi. Biz Miryusiflə tez-tez onlara gedirdik. Hər dəfə də söhbət Knyazdan düşürdü. Onlar Knyazın pis adam olmasından, oğurlanmasından danışırdılar. Ümumiyyətlə, onların dilindən mərhum barəsində həmişə mənfi sözlər eşitmişəm. Bizim söhbətlərimizin hamısına Umudun arvadı Zəhra da qulaq asırdı. Bir dəfə Miryusif dedi ki, Umudla danışmışam. Dedim ki, məni bu işə qatmayın. O isə "Sən pulun alınmasında yardım edəcəksən", dedi. Miryusifin planına görə, hadisədən sonra mən Ukraynaya gedib özümü avtoritet kimi qələmə verməliydim ki, ruslar ona "atmasınlar".

Umud əvvəlcə meyiti onların həyətində basdırmalarını desə də, sonradan buna etiraz etdi. Knyazı Miryusif öldürüb. O, Knyazı vuran zaman mən qorxudan ayaqyolunda gizlənmişdim. Umudun arvadı Zəhra bunların hamısını pəncərədən görürdü. Mən Umuda dedim ki, bu nədir, arvadın evdə imiş ki... O isə bildirdi ki, Zəhra ağzıbütöv qadındır, ondan söz çıxmaz. Hətta meyiti bükmək üçün sellofan torbanı da Miryusifə Zəhra vermişdi. Miryusifgil götürdükləri puldan mənə bir manat da verməyiblər.

HAŞİYƏ

Onu da bildirək ki, əvvəllər polis orqanlarında çalışmış Rəşad Novruzov qəsdən adam öldürdüyünə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24 avqust 1995-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2003-cü il yanvar ayının 12-də o, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin icazəsilə evə buraxılmışdı. Məhbusun azadlıqda olduğu üçüncü gün isə məlum hadisə baş verdi.

XATIRLADAQ Kİ..

Məlum qətl hadisəsi ilə bağlı cinayətin digər iştirakçısı Aleksandr Boyko Ukrayna məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Qətlin təşkilatçısı hesab olunan Miryusif Əliyev isə bir neçə gün öncə - hadisədən 9 il sonra BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart tarixində tutularaq Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Yuxarıda qeyd etdiyimiz kimi, Ümid Nəsirov və Rəşad Novruzov hər ikisi ömürlük həbsə məhkum ediliblər. Lakin həbsxanada cəza çəkən Rəşad Novruzov 2006-cı ildə saxlanıldığı kamerada özünü asaraq ölüb. Onun ölümünün səbəbi bu günə kimi məlum deyil. Yayılan məlumata görə, Rəşad Novruzov cinayət işi üzrə təqsirləndirilən şəxs olmaqla yanaşı, həm də cinayətin yeganə şahidi olub. Cinayətin açılmasında da istintaqa Rəşad Novruzovun etirafedici ifadəsi köməklik edib. Onun ifadəsindən sonra Ümid Nəsirov həbs edilib, Miryusif Əliyevin barəsində isə axtarış elan edilib.

Cinayət törədildiyi həmin ev 2004-cü ildə məhkəmə qərarı ilə müsadirə edilib və zərərçəkmişlərə verilib.

Atalar əbəs yerə deməyiblər: "Min yeyənin olsun, bir deyənin olmasın!"

İnarə Rafiqqızı

O.M.