"Xanım ağlayanda ürəyi boşalır"

"Xanım ağlayanda ürəyi boşalır"

5 Aprel 2012 12:58
1 667
Bəyəndim (0) Bəyənmədim (0)
Gülay Qədirova "Opera və Balet teatrı"nda Leyli obrazını oynamaq və fəxri ad almaq istəyir

Stereotiplərdən azad ola bilməyən jurnalistlərin belə bir şablon sualı var: "Sənəti ailəyə qurban verərdiniz, yoxsa ailəni sənətə?" Əlbəttə ki, məsələnin bu cür qoyuluşu Sovet düşüncə tərzinin fəsadlarının nəticəsidir və kökündən yanlışdır. Ən azı ona görə ki, sənətlə ailə bir-birinə zidd kateqoriyalar kimi götürülür. Sadə dildə desək, sənət mənəvi dəyərlərdən uzaq, ailə mənəviyyatına kölgə salan ünsür kimi təqdim olunur. Halbuki, hər bir insan öz işinin sənətkarı olmağa çalışır və bu yolda ona mehriban ailə ortamı münbit şərait yaradır.

"Ailə gözəl şeydir, hər kəsə qismət olsun. Ailə quranda da çalışasan ki, ailəni qoruyub saxlayasan. Allah heç kimin ailəsini dağıtmasın, hamıya kömək olsun həyatda". Bu sözləri Avropa radiosunun canlı yayımında gənc müğənni Gülay Qədirova deyib. İstedadlı xanəndə sənətlə ailənin bir-birini tamamladığını vurğulayaraq əlavə edib: "Hər bir xanım üçün xoşbəxtlikdir ki, ailə qurandan sonra həyat yoldaşının familiyasına keçsin. Təbii ki, mən Zeynalova idim, ailə qurdum, oldum Qədirova. Hamı məni Zeynalova kimi tanıyırdı bu sənətdə. Hazırda sənətdə reklam olmaq çətindir. Ona görə də bəzi sənətçilər ailə qurur, amma həyat yoldaşının familiyasına keçmir. Amma mən xoşbəxtəm ki, həyat yoldaşımın familiyasını daşıyıram". Daha sonra gənc müğənni ailə xoşbəxtliyinin sirrini açıqlayıb: "Evdə Kamilin sözü keçir. Kamilin xasiyyəti ağırdır, məni tək heç bir yerə qoymur getməyə. Sənətimə çox dəstəkdir. Aramızda fikir ayrılığı olanda çalışırıq bir məxrəcə gələk. Kamil evdə də, maşında da yalnız mənə qulaq asır".

Q.Gülay çıxışı zamanı sənət fəaliyyətinə də toxunub: ""Xalq Ulduzu" yarışmasında on səkkiz uşaq idik, hamısı ilə münasibətimiz yaxşıdır. Mən yarışmanı altıncı tərk elədim. Çoxları elə bilirdi ki, ikinci-üçüncü tərk eləmişəm verilişi. Mənim səsim muğama çox yaxın olduğundan hər janrda oxuya bilirəm, çünki muğamın sirlərini bilirəm. Heç bir dəvətdən qalmıram, çalışıram dəvət aldığım yerə gedim. İstəyirəm "Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı"nda Leylini

oynayım. Fəxri ad almaq istəyirəm. Çalışıram gözəl mahnı ifa edim, klip çəkdirim, tez-tez efirə çıxım, öz üzərimdə işləyim. Eldənizlə, Babəklə duetim olub. Səsimin tembrinə uyğun olan yeni səs olarsa, duet oxuyaram. Hər zamanda çalışacağam öyrənim".

Çıxışının sonunda xanəndə bir daha romantik mövzulara toxunub: "Həyatda xoşbəxt anlar da olanda bir də görürsən ki, insan kövrəlir. Xanım ağlayanda ürəyi boşalır. Son zamanlar xoşbəxt anlarım çox olub deyə, sevinc göz yaşlarım olub. Tanrı hər şey verib mənə. Həyatda heç vaxt uduzmamışam".

Ailəsinin qədrini bilməyən sənətinə də dəyər verə bilməz. Çünki ifa etdiyi musiqiləri doğma balaları qədər sevən əsl sənətkarın ilk dinləyicisi və tənqidçisi ailəsi olmalıdır...

Şəlalə Nəriman

O.M.