Elza Seyidcahan KVN teatrının onu təhqir etdiyini bildirdi

Elza Seyidcahan KVN teatrının onu təhqir etdiyini bildirdi

4 Aprel 2012 12:39
Bəyəndim (0) Bəyənmədim (0)
Tahir İmanov "Demokratik ölkədə yaşayırıq"

"Planet Parni iz Baku KVN teatrı"nın üzvləri konsert proqramlarının birində əməkdar artist Elza Seyidcahanı parodiya etmişdilər. Amma bu parodiya heç də müğənni xanımın xoşuna gəlməmişdi və o, narazılığını bildirmişdi: "Mən Azərbaycan respublikasının əməkdar artistiyəm. Mənə bu cür qiymət verilib dövlət tərəfindən. Tahir İmanovun dəstəsi isə məni əməlli-başlı ələ salıb. Məni bir növ dəli kimi qələmə veriblər. Orda oturanlar isə səhnədəkilərin hərəkətlərinə əl çalırlar. Dərindən fikirləşmirlər ki, əşi, görək nəyi alqışlayırıq? Bəli, mən Elza olaraq qeyri-adiliyi sevirəm, mahnılarımda da bunu göstərməyə çalışıram, bu yol mənim seçimimdir. Ancaq bunlar ruhumdakı o səsi duya bilmədən məni təqlid ediblər. Buna təqlid də demək olmaz e, onlar məni təhqir ediblər. Əlbəttə, başqa adam olsaydı, onları məhkəməyə də verərdi, ancaq mən bu addımı özümə yaraşdırmadım. Rafaellə Coşqun da parodiya edirlər, amma onlar əvvəlcə həmin müğənniyə dil-ağız edirlər. Əsasən də qadın müğənniyə. Tahirgil isə bir Azərbaycan xanımını çəkinmədən narkoman kimi göstəriblər. Onlara kim ixtiyar verib ki, Azərbaycan xanımını bu cür təhqir etsinlər? Mən gözlədim ki, bəlkə zəng vurub ürəyimi almaq istədilər, bəlkə xətrimə dəydiklərini başa düşdülər, amma aradan neçə ay keçsə də, onlardan səs-soraq yoxdur. Bilirsiniz, Rafaelgilin parodiyasında gülüş var, Tahirgildə isə aqressiya duyulur. Bunu o iki qardaşa heç vaxt bağışlamayacağam!"

Elza xanımın etirazından bir-iki aya yaxın vaxt keçməsinə baxmayaraq, T.İmanov nəinki üzrhaqlıq, heç bu barədə danışmaq belə istəmirdi. Nəhayət ki, əməkdar artist incimiş xanımın iradına münasibət bildirdi: "Biz demokratik ölkədə yaşayırıq, söz azadlığına hörmət etməliyik. O insan da zarafatı bu cür qəbul edib... Hörmətlə yanaşıram".

T.İmanov bundan sonra da şou əhlinin kənardan necə göründüklərini özlərinə yumor vasitəsilə çatdıracaqlarını bildirdi: "Biz sözümüzü çoxdan demişik. Bizim konsertlərə Heydər Əliyev kimi şəxsiyyət maraq göstərib. İndiyə qədər də keyfiyyətli konsertlərlə tamaşaçıları sevindirməyə çalışırıq. Bir sözlə, səhnələrimizdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk".

Xatırladaq ki, sezon ərzində "Planet Parni iz Baku KVN teatrı" üç, bəzən dörd-beş gün, həmkarları olan "Bu şəhərdə"nin üzvləri isə altı-yeddi, hərdən səkkiz-doqquz gün H.Əliyev adına Sarayda çıxış edirlər.

Könül Aypara

O.M.