Faiq Ağayev qanlı 20 Yanvar gecəsini xatırlayır: “Sanki dünən gecə olub...”

Faiq Ağayev qanlı 20 Yanvar gecəsini xatırlayır: “Sanki dünən gecə olub...”

20 Yanvar 2020 09:49
Bəyəndim (2) Bəyənmədim (0)

Xalq artisti Faiq Ağayev 20 Yanvar faciəsi ilə bağlı "Facebook" hesabında xatirələrini bölüşüb.

Oxumeni.az xəbər verir ki, sənətçi faciənin baş verdiyi həmin dəhşətli günü belə xatırlayır:

"Mənim 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram. Evimiz "Salyan kazarması"nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər - axı, onda hamımız sovet xalqı idik.

Əlbəttə, kütlə arasında iğtişaşçılar və təhrikçilər şayiələr yayırdılar ki, "İran sərbazları", "Türk əsgərləri" gələcəklər və onların tanklarını, hərbi qoşunlarını daşla, ağacla qarşılamaq lazımdır. Bir il sonra isə həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular. Qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə onlar "buxarlandılar".

Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi baxırdı... Səhər atamla çörək almağa çıxdıq. "Salyan kazarması"nın yanından "Xəzər" kinoteatrı, "Kaspar" xəstəxanası və "Olimp" mağazasına doğru gedirdik.

Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük...Qar yağırdı və buna görə 20 Yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz evlərin, demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi.

Daha sonra dəfnlər başladı... Şayiələr gəzirdi ki, ölənlər o qədər çoxdur, cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb.

Mənə indi də, illər keçəndən sonra da bu barədə danışmaq çox çətindir. Qorxunc faciə yaddaşlarda yaşayır. Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az