Kərim oğul atası olmağa hazırlaşır

Kərim oğul atası olmağa hazırlaşır

16 Mart 2012 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
"Təranə 2-3 gün əvvəl qız pərəstişkarlarımla, xanım həmkarlarımla olan şəkillərimi cırıb atdı"

Barəsində dedi-qodular səngimək bilməyən, sənəti ilə çoxlarına varlığını sübut etməyi bacaran gənc müğənni Kərim tezliklə ata olmağa hazırlaşır. O, ailədə çox xoşbəxt olduğunu bildirərək bunun sənətinə də sirayət etdiyini bildirir. Lakin başı çox müsibətlər çəkdiyindən gözdən-nəfsdən qorxduğunu dilə gətirir: "İnanın, gözdən-nəfsdən qorxuram. 2 dəfə bu barədə açıqlama verdim, müəyyən səbəblərə görə uşaq tələf oldu. İnşallah, oğlum olacaq. Allah qoysa, ilk dəfə sizə açıqlama verəcəm. Bizdə ancaq oğlan uşağı olur. Ona görə də oğul atası olacağıma əminəm". Oxumeni.az-a şəxsi həyatı barədə açıqlama verən Kərim bəzi sirlərini də bizimlə bölüşdü: "Təranə məni dəhşət qısqanır. Facebook-da qızların hamısını dostluqdan silib. Xanım pərəstişkarlarım zəng edəndə istər-istəməz menecerim cavab verməli olur. Qısqanclıq zəminində tez-tez aramızda söz-söhbət düşür. Çünki bir-birimizi çox sevirik. Subay olanda qızlarla səmimi şəkillər çəkdirirdim. İndi bunlara son qoymuşam, şəkildə rəsmi görünməyə çalışıram. 2-3 gün əvvəl qız pərəstişkarlarımla, xanım həmkarlarımla olan şəkillərimi cırıb atdı. Mən onu başa düşürəm, sevən mütləq qısqanmalıdır. Mən də onu qısqanıram. Həyat yoldaşım ali savadlıdır, evinin xanımıdır. Hələlik istəmirəm işləsin. İnşallah, uşağın 2-3 yaşı olar, işə düzəldərəm, işləyər". Həyat yoldaşının qayğıkeşliyindən ağızdolusu danışan müğənni bizim vasitəmizlə ona təşəkkür etməyi də unutmadı: "O, mənim qulluğumda durur, mən də onun. Təsəvvür edin ki, ayağımı yerə qoyan kimi həyat yoldaşım başmaq gətirir. Fürsətdən istifadə edib həyat yoldaşımı, həyatımın mənasını bayram münasibəti ilə təbrik edirəm, hər şeyə görə ona çox sağ ol deyirəm".

Sonda Təranə xanıma duyduğu məhəbbətini əməli surətdə sübut etdiyini deyən Kərim maraqlı bir hadisəyə toxundu: "7 ay nişanlı ola-ola bilərəkdən ANS-in "Toy olsun" verilişinə iştirakçı qismində çıxmışdım. Proqram ərzində 3800 qız mənə talib oldu. Çoxları anası ilə gəlmişdi. Mən də həyat yoldaşıma isbat etdim ki, başqasını yox, məhz onu sevirəm!"

Deyirlər: "kədər bölüşəndə azalır, sevinc paylaşanda artır". İnşallah, Kərimin evində də artım gözlənilir. Ümidvaram ki, bu artım onun sevinc silsiləsində ilk addım olacaq...

Şəlalə Nəriman

O.M.