Elariz "Elit toylar kralı" adından imtina etdi

Elariz "Elit toylar kralı" adından imtina etdi

10 Mart 2012 17:34
1 551
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənim fərqim başqa müğənnilərdən odur ki, çox yaxşı müğənniyəm"

Qəribədir ki, kriminal aləmin öz jarqonu, danışıq üslubu olduğu kimi şou-biznesin də fərqli kəlmələri var. "Manıs", "Kəlbə" və sair bu kimi sözlər sırf şou biznes aləminə məxsusdur. Maraqlı həm də odur ki, səhnədə çıxış edən müğənnilərə müxtəlif adlar verilir: "Elit star", "Toylar kralı", "Primadonna", "Diva" və sair titullar çox vaxt kəlmənin mənasını əks etdirmir. Fikrimcə, ən möhtəşəm ad sənətkardır. Hansını ki, müğənniyə xalq verir və onun yanında bütün qoşmalar kölgədə qalır. Heç şübhəsiz, mənim fikrimlə razılaşanlar da olacaq, razılaşmayanlar da. El şənliklərində kifayət qədər sözünü demiş Elariz Məmmədoğlu da mənim bu haqda düşüncələrimi paylaşır.

"Xoşlamıram adımın yanına titul qoysunlar. Bir qurum var idi, nominasiyada mənim adımın yanına "Elit toylar kralı" qoydular, mən qəbul etmədim. Məni xalqım sevir, məclislərində iştirak edirəmsə, bu, mənim üçün uğurdur".

Bu sözləri Avropa radiosunun canlı efirində səsləndirən müğənni sənətini çox sevdiyini, bir çoxlarına meydan oxuduğunu çəkinmədən dilə gətirdi: "Mənim fərqim başqa müğənnilərdən odur ki, çox yaxşı müğənniyəm. Elə müğənni var 40 ildir oxuyur, hit mahnısı yoxdur, mənim 10 hit mahnım var. Həyatda çalışmışam özüm olum, heç vaxt heç kimə oxşamaq istəmirəm. Həmişə də öz üzərimdə çalışıram. Müğənniliyi o qədər sevirəm ki, başqa iş gəlmir əlimdən. İnanın, 6 saat durmadan canlı ifa edirəm. Bilirsiniz bu nə deməkdir? Mən elə yol tutmuşam ki, rəqibim yoxdur bu səhnədə. Əvvəllər çox zərbələr alsam da, sındırmaq istəsələr də, hamı qəbul etdi məni. Bir Nazimlə aram yox idi, onunla da barışdım. Qazancımız toylardandır. Bir də görürsən ki, toylar çox olur, bir də görürsən zəifləyir. İstəyərdim ki, Flora Kərimova, bir də Brilyantla duet oxuyum".

E.Məmmədoğlu sənətinə dəyər verdiyini vurğulasa da, nədənsə maddi durumundan da şikayət etməyi unutmadı: "Ələddinin sehrli lampası məndə olsaydı, ondan bir vaqon pul istəyərdim ki, klip çəkdirim. Başqasının qapısını döyən deyiləm ki, kömək et mənə. Mahnı var ki, alıram, mahnı var ki, hədiyyə edirlər. Mənim ad günümdə Nadir Əzimov həyat yoldaşı ilə birgə mənə bir mahnı hədiyyə etdi, üstündə də bahalı bir köynək. Sağ olsunlar. Ən bahalı mahnım "Дорога (Yol)" olub. Klipini çox əziyyətlə çəkmişəm".

Daha sonra uşaqlıq xatirələrinə toxunan müğənni 13 rəqəmi ilə bağlı əhvalatını danışdı: "Mən məktəbdə əlaçı olmuşam, amma hər ayın on üçü 2 alırdım, çox qəribə idi. Evdə də 2 alan günü bilirdilər ki, ayın on üçüdür".

Elariz Məmmədoğlu sevgi məsələlərini də diqqətdən kənarda qoymadı: "Sevgisiz həyat yoxdur, tək qadına qarşı olmur sevgi, hər şeyə qarşı olur. Sevgisi olmayan özünü psixoloqa göstərsin".

Daha sonra müğənni bir qədər də sürücü Elarizin xatirələrini yada saldı: "Başqaları kimi xoşlamıram gündə maşın dəyişim. Əsas odur ki, maşınım məni yolda qoymur. Bizim yollara görə Cip yaxşıdır. Baxırsan, görürsən ki, yolda lyuk acıqdır. Düzdür, indi bahalı maşın sürürəm, amma yetim vaxtlarımda mexanika maşın sürmüşəm. Bir dəfə təzə maşın almağa getmişdim, ilk dəfə sevinə-sevinə girdim içəri, dostlardan kimsə dedi ki, sən öl, bu deyəsən, "Zaporojetsin" behini verib gəlib. Mən də dedim, nə bildiniz, sevincimdən göylərdə idim. Yol polisləri hamısı mənim əmim oğlanlarıdır, elə rəftar edirlər ki, elə bil qardaşıq."

Sonda həyatda ciddi səhvi olmadığını vurğulayan Elariz Məmmədoğlu arzularını dilə gətirdi: "Həyatda elə də böyük səhvim olmayıb. Birinci həyatdan cansağlığı istəyirəm, bir də xoşbəxtlik, ruzi".

Müğənni ilk növbədə sadə bir vətəndaş, adi bir insandır. Onun sürdüyü həyat tərzi yaxınlarında həmin insana qarşı fikir formalaşdırır. Odur ki, hər bir kəs həyatda yaxşı insan, gözəl ailə başçısı, sədaqətli dost və sair bu kimi dəyərli adları qazanmalıdır. Məhz həmin insan incəsənətin ən çətin növü olan həyat səhnəsinin sənətkarı adlanır...

Şəlalə Nəriman

O.M.