Rahidə Baxışova: "Nifrət edirəm müğənni sözünə!"

Rahidə Baxışova: "Nifrət edirəm müğənni sözünə!"

3 Mart 2012 20:01
Bəyəndim (0) Bəyənmədim (0)
Özünə qapandığını deyən müğənni səhnəyə sadəcə adı ilə çıxmaq istədiyini bildirdi

Uzun müddət səhnələrdən uzaq olan, gənc nəslin o qədər də yaxşı tanımadığı Rahidə Baxışova nəhayət ki, şou biznesdə yenidən görünməyə başladı. Lakin bu dəfə başqa adla təqdim olunmaq istədi. "Familiyam uzun olduğuna görə səhnəyə Rahidə kimi çıxmaq istəyirəm. Sənətimdə durğunluq oldu, səbəb də özümə qapanmışdım. Bilirsiniz ki, şəxsi biznesim var. Gələcəyimi fikirləşdiyimə görə şəxsi biznesimi qurdum, müğənnilik bu gün var, səhər yoxdur. Elə olub bezmişəm bu sənətdən, uzaq olmaq istəmişəm".

Bu sözləri Avropa radiosunun canlı efirindən səsləndirən müğənni nədənsə daşıdığı tituldan xoşu gəlmədiyini bildirdi: "Bir də görürsən kimsə mənə müğənni deyəndə əsəbiləşirəm, nifrət edirəm müğənni sözünə. Mənə sənətçi deyəndə xoşuma gəlir. Oğlumun 9 yaşı var, mənə deyəndə "mama, sən müğənnisən", deyirəm "sənətçiyəm". Uşaqdır, olur hansısa kanalda məni göstərəndə telefonla yığır, deyir: "mamanı göstərirlər, baxın". Mən də deyirəm ki, kimsə istəsə, baxacaq, belə hərəkət eləmə".

Sənətdə pərəstiş etdiyi müğənninin olmadığını və heç kimə görə bu sənətə gəlmədiyini bildirən R.Baxışova (qeyd: müğənni adlandırmadım) yalnız Brilyant Dadaşovanı bəyəndiyini bildirdi: "Sənətdə kumirim yoxdur. Qulaq asdığım insanlar olub. Heç kimə görə gəlməmişəm bu sənətə. Ən çox sevdiyim müğənni Brilyant Dadaşovadır".

Daha sonra R.Baxışova plastik əməliyyat etdirmədiyini və hər şeyinin təbii olduğunu bildirərək romantik hisslərini dilə gətirdi: "Oxuduğum mahnıların çoxu mənim taleyimlə bağlıdır. Həyatımda nə olursa, mahnıda ifa edirəm. Sözlərə çox önəm verirəm, çünki həyatda nə yaşayıramsa, onu da ifa edirəm. Mənim gözəl lirik mahnılarım var, heç onları oxumamışam, artıq istəyirəm bütün mahnılarım radioda efirə getsin. Oxuyanda da səviyyəli mahnı oxumaq istəyirəm. Çox vaxtı sevgi üzərində mahnılar ifa edirəm".

R.Baxışovanın sözlərindən o da məlum oldu ki, o, maşın sürməkdə əsl sənətkardır: "2000-ci ildən maşın sürürəm. Maşın sürməyi çox sevirəm, ən böyük sürətim 140-dır. Bir az həyəcanlansam da, çox sevirəm sürəti. Saatda 120 ilə sürürəm".

Sən demə, Rahidə xanım bahalı hədiyyə almağı da xoşlayırmış: "Hədiyyəni xoşlayıram, birinci - ətir, ikinci - brilyant, üçüncü - pul, çox xoşlayıram.

Sonda sosial şəbəkələrdə olmadığını, özünə aid Rahide.com saytını yaratdığını deyən Rahidə Baxışova gecə tənha gəzməyi çox sevdiyini bildirdi: "Gecə gəzintisini çox sevirəm ki, tək gəzəm. Romantikanı çox sevirəm, amma ürəyimdə əlçatmaz arzularım var hələ".

Şou biznesin qəribə məntiqi formalaşıb, daha doğrusu, məntiqsizliyi. İncəsənət sadəcə sənət adlanır. Böyük təcrübəsi olmayan ifaçılar müğənni adlanmaq istəmirlər, sənətçi olmaq istəyirlər. Başa düşmək olar ki, onlar müğənni deyillər. Amma bir şeyi başa düşmək olmur ki, Azərbaycan dilində sənətçi sözü yoxdur, pinəçi, güləşçi, çəkməçi, kisəçi və sair bu şəkilçi ilə bitən kəlmələr var. Buna baxmayaraq, hamı sənətçi olmağa çalışır, sənətkar yox. Axı sənətkar olmaq üçün ilk növbədə istedadlı, təcrübəli müğənni olmaq lazımdır...

Şəlalə Nəriman

O.M.